Vüqar Bayramov: “Yeni azad ticarət zonası yaratmaqla Rusiya iqtisadi və siyasi məsələlərə təsir imkanlarını qoruyub saxlamaq niyyətindədir” - MÜSAHİBƏ

Vüqar Bayramov: “Yeni azad ticarət zonası yaratmaqla Rusiya iqtisadi və siyasi məsələlərə təsir imkanlarını qoruyub saxlamaq niyyətindədir” - MÜSAHİBƏ

İqtisadçı ekspert Vüqar Bayramovun Səs TV-yə müsahibəsi


- Vüqar müəllim, MDB ölkələri baş nazirlərinin toplantısında birlik daxilində olan ölkələrdən 8-i azad ticarət zonasının yaradılmasına dair müqavilə imzalayıblar. Azərbaycan isə hələlik müqaviləni imzalamayıb. Yeni ticarət zonası MDB ölkələri üçün nə kimi imkanlar açacaq. Azərbaycanın mövqeyini necə dəyərləndirirsiniz?

- Diqqət çəkən məqam ondan ibarətdir ki, həmin müqaviləni Ümumdünya Ticarət Təşkilatına üzv olan 3 ölkə - Qırğızıstan, Ermənistan və Moldova da imzalayıblar. Baxmayaraq ki, Ümumdünya Ticarət Təşkilatı heç də alqışlamır və qəbul etmir. Azərbaycanın isə bu müqaviləni imzalamamasını və müddət istəməsini müsbət hal kimi qiymətləndirirəm. Əvvəla ona görə ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq niyyətindədir. Nəzərə alsaq ki, təkcə siyasi baxımdan deyil, eyni zamanda iqtisadi baxımdan Azərbaycan Avropaya inteqrasiya etmək niyyətindədir. Bu gün Azərbaycanın Sankt - Peterburqda MDB ölkələri baş nazirlərinin toplantısında ortaya qoyduğu mövqe Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramına daha çox uyğun gəlir. Nəzərə alsaq ki, Qırğızıstan, Ermənistan və Moldova da "Şərq Tərəfdaşlığı" proqramının üzvləridir və çox təəssüf ki, onlar belə bir anlaşmaya imza atıblar. Ümumiyyətlə, MDB-də azad ticarət zonasının yaradılması ideyası Rusiyanın baş naziri tərəfindən irəli sürülən bir ideyadır. Burada iqtisadi və ticari inteqrasiyadan söz getsə belə, daha çox siyasi inteqrasiyadan, eləcə də Rusiyanın MDB-də ticari və iqtisadi məsələlərə təsir imkanlarını qoruyub saxlamaqdan söhbət gedir. Ola bilər ki, bu müqaviləni imzalamayan ölkələrə Rusiyanın həm iqtisadi, həm də siyasi təzyiqi artsın. Nəzərə alsaq ki, Azərbaycan regionun ən inkişaf etmiş, güclü dövlətidir, bu baxımdan ümid edək ki, ölkəmiz bu təzyiqlərə rəğmən bu anlaşmaya qoşulmayacaq.

- Azərbaycan neçə illərdir Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində fəal danışıqlar aparır, lakin real nəticə əldə olunmayıb. Ölkəmizin adıçəkilən quruma üzvlüyünün gecikməsinə əsas səbəbləri hansılardır?

- Əsas problem ondan ibarətdir ki, Ümumdünya Ticarət Təşkilatı Azərbaycanı öz üzvlüyünə inkişaf etmiş ölkə kimi qəbul etmək niyyətindədir. Azərbaycan isə quruma inkişaf etməkdə olan ölkə kimi üzv olmaq istəyir. Qurumun şərtləri inkişaf etməkdə olan ölkələr üçün daha yüngüldür. Əgər Azərbaycan inkişaf etmiş ölkə kimi təşkilata üzv olarsa daha ağır şərtlərlə qarşılaşacaq. Çünki Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul 10 min dollar təşkil edir. Bu isə inkişaf etməkdə olan ölkələr siyahısında olmaq üçün kifayətdir.

Digər problem tariflərlə bağlıdır. Nəzərə alsaq ki, hazırda Azərbaycanda xarici ticarətdə tətbiq edilən ən yüksək tarif 15 faizdir, Ümumdünya Ticarət Təşkilatının şərtlərinə görə, tətbiq və təkli olunan tariflər var. Azərbaycan isə ilk tarif olaraq 26 faiz təklif edir. Quruma üzv olduqdan sonra isə tariflərin, vergi dərəcələrinin azaldılmasını həyat keçirsin. Təşkilat isə bunu 15 faizdən başlayaraq azaldılmasını istəyir.

Eyni zamanda aqrar, xidmət, bank sektoru ilə də bağlı problemlər yaşanır.

- Azərbaycanda bir müddət öncə azad iqtisadi və xüsusi zonaların yaradılması məsələsi gündəmə gəlmişdi, bu hələ də reallaşmayıb.

- Bu kimi zonaların yaradılması vacibdir. Regionların inkişafı baxımından əhəmiyyətlidir. Bununla bağlı qanunvericilik aktı, həmçinin qanunvericilik bazası formalaşıb. Bir neçə müddət öncə Lənkəranda azad ticarət zonasının yaradılması təklif olunurdu. Bu bölgənin isə İranla qonşu olması buraya xarici investisiyaların cəlb edilməsi baxımından müəyyən problemlər yarada bilərdi. Məhz bu amillər nəzərə alınaraq azad ticari zonalar yaradılarkən təkcə ölkə daxili səbəblər deyil, xarici səbəblər də diqqətə alınmaladır. Azad iqtisadi zonalar yaradılarkən elə bir bölgə seçilməlidir ki, xarici investorlar heç bir maneə olmadan oraya daxil ola bilsinlər. Burada eyni zamanda ixtisaslı kadrların olması vacibdir. Güman edirəm ki, indiki mərhələdə Bakı və ya Sumqayıta, Gəncəyə yaxın ərazilərdə azad ticari zonaların yaradılması daha məqsədə uyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə