Azərbaycan və Ukrayna Daxili Qoşunlarının birgə təlimləri keçirilə bilər

Azərbaycan və Ukrayna Daxili Qoşunlarının birgə təlimləri keçirilə bilər

Ukrayna Daxili Qoşunlarının komandanı, general-leytenant Sergey Yarovoy oktyabrın 19-da Azərbaycana səfərə gəlib. SIA-nın məlumatına görə, bu gün səhər o, Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. S. Yarovoy jurnalistlərə açıqlamasında bildirib ki, səfər tanışlıq xarakteri daşıyır, əsas məqsəd gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirməkdir: "Ölkələrimizin bir qıra ortaq layihələri var. Bəzi ortaq məsələləri həyata keçirmək üçün təcrübə mübadiləsinə ehtiyac duyulur. Bakıda keçirəcəyim görüşlərdə bir sıra vacib məsələləri müzakirə edəcəyik. Əsas müzakirə edəcəyimiz mövzu ictimai asayişin qorunması prosesində Daxili Qoşunların fəaliyyəti, xüsusi təyinatlıların fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi əməliyyatların həyata keçirilməsi istiqamətində spesifik məqamların öyrənilməsi, qarşıya çıxan problemlərin həllində təcrübə mübadiləsidir". S. Yarovoy onu da bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Ukrayna və Azərbaycan Daxili Qoşunları arasında birgə təlimlərin keçirilməsi məsələsinin də müzakirə olunacağını vurğulayıb: "Ukrayna və Azərbaycan Daxili Qoşunlarının birgə təlimlərinin keçirilməsi məsələsi də müzakirə mövzusu olacaq, düşünürəm ki, bununla bağlı razılaşma əldə ediləcək". Qeyd edək ki, oktyabrın 22-dək davam edəcək səfər çərçivəsində S. Yarovoyun bir sıra görüşlər keçirməsi və Azərbaycan Daxili Qoşunlarının hərbi hissələri ilə tanış olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə