İğdırda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

İğdırda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

Respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycanın Qars vilayətindəki baş konsulluğunun dəstəyi ilə Türkiyənin İğdır vilayətində tədbir keçirilib.

SİA-nın aldığı məlumata görə, iğdırlı jurnalist Sərdar Ünsal bildirib ki, tədbirdə İğdır ictimaiyyətinin nümayəndələri, deputatlar, ziyalılar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra, ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda mübarizəsindən, ümummilli lider Heydər Əliyevin banisi və qurucusu olduğu müasir müstəqil dövlətimizin əldə etdiyi nailiyyətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafından bəhs edib.

Azərbaycanın beynəlxalq əlaqələrindən danışan A.Süleymanov ölkəmizin müstəqilliyə yenidən qovuşduqdan sonra bütün dünya dövlətləri ilə əlaqələrin qurulduğunu qeyd edib. Bu ölkələrin sırasında Türkiyənin Azərbaycan üçün çox əhəmiyyətli bir yer tutduğu vurğulanıb.

Tədbir iştirakçılarına müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan çətin siyasi və iqtisadi vəziyyətdən, Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən, 1 milyondan çox insanın öz yurdlarından qovulmasından, erməni vəhşiliklərindən danışılıb. Çətin dövrdə Azərbaycan xalqının təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədəki acınacaqlı vəziyyətə son qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın müstəqilliyinə Türkiyə tərəfindən daim dəstək verilib.

İğdır valisi Amir Çiçək bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün Türkiyədə qeyd edilməsindən böyük qürur və sevinc hissi keçirir. A.Çiçək qeyd edib ki, ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kimi qiymətli fikirləri xalqlarımız arasındakı qırılmaz telləri daha da möhkəmləndirir.

Mərasim Azərbaycan incəsənət ustalarının və Naxçıvan Dövlət Filarmoniyasının hazırladığı konsert proqramı ilə davam edib.


Bütün xəbərlər Facebook səhifəmizdə