Gənclər üçün iki yeni mərkəzin açılışı olub

Gənclər üçün iki yeni mərkəzin açılışı olub

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) gənclər üçün iki yeni mərkəzin-\"İT Evi\" və \"Sağlam həyat tərzi üzrə gənc təlimçilərin resurs mərkəzi\" açılışı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BMT rəsmisi Nato Axazişvili, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Narkotiklərə qarşı Təbliğat İctimai Birliyinin sədri Məzahir Əfəndiyev və digər qonaqlar iştirak ediblər.

ATGTİ-nın sədri Şahin İsmayılov bildirib ki, ilk öncə fəaliyyət göstərdikləri 2 il ərzində gördükləri işlər və həyata keçirdikləri layihələr barədə məlumat verib. O vurğulayıb ki, bu gün təqdim olunan mərkəzlərdən biri İnformasiya Texnologiyaları - "İT EVİ" adlı layihə ATGTİ, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən birgə reallaşdırılır. Onun sözlərinə görə, "İT EVİ" - ittifaqın nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsində biliklərini artırmağa dəstək olacaq təlimlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş mərkəzdir: "Açılışda təqdim olunan növbəti mərkəz ATGTİ, Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin ortaq layihəsi olan "Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi"dir".

Təhsil naziri Misir Mərdanov bir neçə təkliflə çıxış edib. Azərbaycanda tələbə kontingentinin 200 min olduğunu deyən nazir qeyd edib ki, təşkilata kollec, texnikumlarda oxuyanları da qəbul etmək daha məqsədəuyğun olardı. M.Mərdanov tələbələrin müəyyən problemlərinin müzakirəsi, öyrənilməsi üçün yerindən asılı olmayaraq birgə tədbirlərin keçirilməsinin tərəfdarı olduğunu deyib. Onun fikrincə, bu təşkilatın formalaşması, layihələrin həyata keçirilməsi zamanı hansısa ali məktəb rəhbərliklərinin deyil, tələbələrin, gənclərin fikirləri daha əsas götürülməlidir: "Tələbələr arasında ən çox maraq doğuran məsələlərdən biri xaricdə təhsillə bağlıdır və bu istiqamətdə görüşlərin, müzakirələrin sayını artırmaq lazımdır. Mən özüm də nazir olaraq, bir qrup xaricdə təhsil almaq istəyən tələbələri qəbul etməyə hazıram.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında qısa müddət ərzində mühüm layihələr həyata keçirən, cəmiyyətdə özünəməxsus yer tutan təşkilatın gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, təşkilat həyata keçirdiyi layihələrə geniş tələbə kütləsini cəlb edib. Onun fikrincə, yeni iki mərkəzin açılışı da gənclərin inkişafına, sağlamlığının qorunmasına öz töhfələrini verəcək.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bu tədbirin çox önəmli bir dövrə təsadüf etdiyini deyib: "Bir tərəfdən dövlət müstəqilliyimizin 20 illiyini qeyd edirik, digər tərəfdən indi keçid dövrüdür. Bu dövr gələcəyə doğru ölkəmizi inkişafa aparan yoldur. Gənclər ümumiyyətlə indi önəmli bir dövrdə yaşayırlar. Onlar güclü dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. İnformasiya texnologiyaları isə həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Həyatımız səhər tezdən axşama qədər İKT ilə bağlıdır. Bir növ insan həyatı informasiyanın yeni texnologiyaları ilə üzbəüzdür".

Tədbirin davamında qonaqlar tədbirin açılmasını yüksək qymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə