Bəzi internet saytlarında Zaqatala rayonunda meşələrinin qırılması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatların həqiqətə uyğun olub-olmadığını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və QHT nümayəndələrindən ibarət komissiya yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, komissiya üzvləri adları internet saytında göstərilmiş Zaqatala rayonunun Car meşəbəyliyinin Mişleş, Muğanlı meşəbəyliyinin Əlibayramlı və Muğanlı, Əliabad meşəbəyliyinin Qımır və Əliabad kəndləri, eləcə də Katex və Alazan çayları yaxınlığındakı meşə ərazilərində geniş araşdırma apararaq aktlaşdırılmamış cəmi 12 ədəd ağacın özbaşına kəsildiyini müəyyən ediblər. Təbiətə dəymiş ziyan cavabdeh meşə gözətçiləri tərəfindən ödənilib.
İnternet səhifəsində yayılan məlumatda isə Zaqatala meşələrində 320 ədəd ağacın özbaşına kəsilməsi qeyd olunur. ETSN bildirir ki, Zaqatala MMBM-nin meşə fondu ərazisi 54 min hektardır, ümumi ağacların sayı isə 40 milyon ədəddən artıqdır. Nazirlik hesab edir ki, internet saytında göstərilən 320 ədəd ağac həqiqətən kəsilmiş olsa belə, bu sahədə çalışan mütəxəssislər yaxşı bilirlər ki, belə geniş ərazidə qeyd olunan miqdarda ağacın kəsilməsi kütləvi qırıntı kimi səciyyələndirilə bilməz.
Məlumatda həmçinin bildirilir ki, 2010-cu ildə Nazirliyin müfəttişləri və rayon meşə mühafizə işçiləri tərəfindən aparılmış reydlər və operativ yoxlamalar zamanı Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisində 320 yox 1008 ədəd müxtəlif cinsli ağacın özbaşına kəsilməsi faktı aşkar olunaraq protokollaşdırılıb, 7647 manat məbləğində dəymiş ziyan təqsirkarlar tərəfindən ödənilib.
"Əslində bu göstərici də meşələrin artması tendensiyasını şübhə altına almaq üçün əsas ola bilməz. Komissiya üzvləri tərəfindən adları internetdəki anonim materialda gedən Aşağı Tala, Əlibayramlı, Muğanlı və Mazıx kəndlərində mövcud olan sənaye təyinatlı ağac emalı sexlərinə baxış keçirilib və həmin sexlərdə yerli meşə materiallarının olmadığı, sexlərin isə uzun müddət fəaliyyət göstərmədiyi müəyyən edilib", deyə ETSN-nin məlumatında qeyd olunur.
Bundan əlavə ETSN bildirir ki, bir müddət əvvəl Lənkəran meşələrində yanacaq və sənaye məqsədləri üçün ağacların kütləvi qırılması ilə bağlı internetdə yayılan məqalədəki faktlar da bir sıra QHT və məqalədə adlarına istinad olunan şəxslərin birgə iştirakı ilə yerində araşdırılıb. Araşdırmada məqalədə adları göstərilən şəxslərin bir qisminin iştirakını təmin etmək mümkün olmayıb. Buna səbəb də həmin şəxslərin ümumiyyətlə sözügedən ərazidə yaşamadıqları və qeydiyyatda olmadıqları məlum olub və onları tapmaq mümkün olmayıb. Belə olan halda, həmin şəxslərin Lənkəran meşələri barədə hər hansı məlumata malik olması və ya həmin meşələrlə bağlı məlumat verməsi də şübhə doğurur.
"Hər halda geniş tərkibli monitorinq qrupunun apardığı araşdırma zamanı Lənkəran meşələri ilə bağlı yazıda qeyd edilənlər də öz təsdiqini tapmayıb. Əksinə, ölkənin başqa bölgələri üçün örnək ola biləcək bir səviyyədə meşəbərpa tədbirlərinin həyata keçirildiyi, geniş sahələrdə ağac tingliklərinin əkildiyi və meşələrin ciddi şəkildə mühafizə olunduğu müəyyən edilib.
Bir daha bildiririk ki, özbaşına ağac qırıntısı hallarına əfsus ki, hələ də rast gəlinir. Bununla da intensiv mübarizə aparılır. Qurumuş ağacların hesabına icra başçılarının təqdim etdiyi siyahıya əsasən verilən odunun miqdarına bərabər, bəzən ondan da artıq qanunsuz qırıntı aşkar olunur, tədbir görülür, cərimə tətbiq olunur və qanunsuz odun müsadirə edilir. Ola bilər ki, hələ üstü açılmayan qırıntı da olsun lakin görmək lazımdır ki, qırıntılara qarşı aparılan kəskin mübarizə öz müsbət nəticəsini verməkdədir. Bütün ölkə ərazisində son illərdə meşələrin bərpası və mühafizəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən qanunsuz ağac qırıntısına qarşı mübarizənin gücləndirilməsi, meşələrin mal-qaradan mühafizəsi məqsədilə çəpərləmə işlərinin aparılması nəticəsində meşələrdə milyonlarla ağac pöhrəsi əmələ gəlmişdir. Habelə açıq sahələrdə Nazirliyin müvafiq strukturları tərəfindən yetişdirilən tinglərin əkilməsi hesabına son illər Azərbaycanda meşə ilə örtülü ərazilərin sahəsi 11,4 faizdən 11,8 faizə çatmışdır. Müqayisə üçün bildirək ki, 1995-2000-ci illər ərzində 26,3 min hektar sahədə meşəbərpa işləri aparıldığı halda, ETSN yarandıqdan sonra, 2001-2010-cu illər ərzində 93,1 min hektar sahədə meşə əkinləri və meşəbərpa tədbirləri həyata keçirilib", deyə məlumatda bildirilir.
Ekologiya Nazirliyi qeyd edir ki, eyni zamanda, Respublika üzrə 2010-cu ildə meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 363 fakta görə sənədlər hüquq-mühafizə orqanlarına göndərilib, vəzifə borclarını layiqincə icra etməyən meşə mühafizəsi işçilərindən 136 nəfəri tutduqları vəzifədən azad edilmiş və 243 nəfər barəsində müxtəlif intizam-tənbeh tədbirləri görülüb. Təhlillər göstərir ki, aşkar edilmiş özbaşına qırıntılar əsasən qış aylarında baş verir və bu da həmin dövrdə dağ kəndlərində əhalinin istilik və yanacağa olan təlabatı ilə bağlıdır. Bununla əlaqədar Respublikada oduna olan təlabatın qismən ödənilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il 64 min kub metr həcmində köküstə qurumuş, inkişafı dayanmış oduncağın tədarükü meşələrin tör-töküntüdən təmizlənməsi hesabına nəzərdə tutulur. Lakin meşələrdə ETSN tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilir ki, ildə 64 min kub metr deyil, yalnız 45-50 min kub metr həcmində köküstə qurumuş, inkişafı dayanmış oduncaq tədarük edilməsi mümkündür. Bu da rayon icra hakimiyyətlərinin bölgüsü əsasında hərbi hissələrə, təhsil və səhiyyə müəssisələrinə, həmçinin imtiyazlı şəxslərə verilir.
Məlumata görə, meşələrin qorunub mühafizə olunması istiqamətində aparılmış bu cür məqsədyönlü və qəti tədbirlər, o cümlədən Azərbaycan meşələrindən xammal kimi istifadə hallarının qarşısının alınması nəticəsində ağac emalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin Respublikaya idxal etdiyi ağac və ağac məhsullarının miqdarı 2002-ci ilə nisbətən 2010-cu ildə 4,5 dəfə artıb.
"Beləliklə, bir sıra internet saytlarında həqiqəti əks etdirməyən məlumatları yaymış müəlliflərin, ifadə azadlığı hüququndan sui-istifadə hallarına yol verməklə oxucuları sağlam informasiya əldə etmək imkanından məhrum edikləri bir daha aydın olur", deyə ETSN-nin məlumatında vurğulanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB