"Saxta diplomla müəllimlik etmək olmaz. Bu diplomlarla məktəblərdə müəllim kimi çalışanlar işdən çıxarılacaq, onları işə qəbul edənlər cəzalandırılacaqlar". Nəhayət ki, ölkədə saxta diplom satılması faktının olması rəsmi qaydada təsdiqləndi. Təhsil Naziri Misir Mərdanovun bu mesajı təhsil işcilləri arasında əməlli başlı narahatlığa səbəb oldu.

Problem daha çox təhsil sahəsində yayılsa da, digər sahələrdə də saxta diplomlarla işləyənlər az deyil. Bu gün nazirliklərdən tutmuş, orta məktəblərdəki müəllim yerlərinə qədər saxta diplomla işə düzələn kadrlara rast gəlmək mümkündür. Əsasən bölgələrdə bu hal geniş. vüsət alıb. Rayonların orta məktəblərində çalışan müəllimlər arasında saxta diplomla işləyənlərin sayı daha çoxdur.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı ilginc məlumatlara da rast gəldik. Öyrəndik ki, saxta diplom "biznesi" ilə məşğul olanlar ölkənin ən adlı-sanlı universitetlərinin diplomlarını satmaqdan belə çəkinmirlərmiş. Özü də bunu əksər hallarda elə həmin universitetlərin əməkdaşları həyata keçirirmiş.

Saxta diplomlara qarşı cinayət işi başlanılıb
Təhsil Nazirliyindən aldığımız məlumata görə isə, Azərbaycan ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar artıq başa çatıb: "Aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib. Təhsil Nazirliyi tərəfindən daha 25 rayonun ümumtəhsil müəssisələrində araşdırmalara başlanılıb". Qurumdan o da bildirildi ki, məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub və Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb: "Artıq Baş Prokurorluğa daxil olan müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müvafiq araşdırmalar həyata keçirilib və toplanmış material üzrə faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılır".

Onu da deyək ki, aparılan araşdırmalar zaman təəccüb doğuracaq faktlara da rast gəlinib. Məlum olub ki, müəllim guya Bakı Dövlət Universitetini bitirib. Amma Təhsil Nazirliyində onun adı yoxdur. Təhsil Nazirliyi vəd edir ki, bundan sonra ölkədə saxta diplomla çalışan müəllimlərin hamısı işdən azad olunacaq. Hazırda saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən növbəti 25 rayonun ümumi təhsil müəssisələrində araşdırmalara başlanılıb.

Saxta diplom alanların pulu batdı



Yerikləmişkən deyək ki, oxşar faktlar daha öncədə və başqa universitetlərdə də aşkarlanmışdı. Daxili İşlər Nazirliyindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu istiqamətdə apardığı araşdırma nəticəsində
Bakı şəhər sakinindən \"İnşaatçı-Mühəndis\" fakültəsini bitirməsi barədə saxta diplom, həmcinin AMEA - nın elmi işçisi və ABU dosentinin də saxta diplom hazırlaması sübut olunmişdu. Onlarla əlbir olan digər şəxslər Azərbaycan Milli Aerokosmik Agentliyi və Rusiya Dövlət Ali Məktəbləri nəzdində fəaliyyət göstərən Beynəlxalq Tədqiqi Kosmonavtika İnstitutunun saxta diplomunu satarkən yaxalanıblar. Aşkarlanan saxta diplomlar arasında Qroznı Dövlət Neft İnstitutunun da diplomu olub.
Onu da deyək ki bu diplomlar onu əldə edənlərə heç də ucuz başa gəlməyib. Məsələn Memarlıq və İnşaat Universitetinin \"İnşaatçı-Mühəndis\" fakültəsi ücün diplom 1000 manata, Azərbaycan Dövlət Pedaqoji Universitetinin saxta diplomu 4000 manata, Azərbaycan Dövlət İqtisad Universitetinin saxta diplomu 7500 dollara, Qroznı Dövlət Neft İnstitutunun diplomu isə 12.500 ABŞ dollarına satılıb. Saxta attestatların qiyməti isə 400 - 500 manat arasında dəyişirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə