Dövlət Müstəqilliyin 20 illiyi harda və necə qeyd edilir?

Dövlət Müstəqilliyin 20 illiyi harda və necə qeyd edilir?

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü bir çox ölkələrdə qeyd edilir. SİA-nın xəbərinə görə, İsveçdə fəaliyyət göstərən "Xəzər" Azərbaycan-İsveç Dostluq cəmiyyətinin təşkilatçılığı ilə seminar keçirilib. Seminar çərçivəsində "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" filmi nümayiş etdirilib, daha sonra isə tədbir vətənpərvər ruhda söylənən şerlərdən ibarət "Şərq gecəsi" davam edib. İsveçdə fəaliyyət göstərən "Qarabağ" Cəmiyyəti, "Azərbaycan Federasiyası - İsveç" təşkilatı da ayrı-ayrılıqda Müstəqillik Günü münasibətilə müvafiq olaraq toplantı və bayram konserti keçiriblər.

Finlandiyanın Helsinki şəhərində Finlandiya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı Helsinkinin mərkəzində yerləşən Scandic Marski hotelinin böyük iclas zalında"Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" adlı tədbir keçirilib. Tədbirdə Türkiyə səfirliyinin nümayəndələri, Finlandiya Türk və Finlandiya Tatar Cəmiyyətlərinin, fin xalqının nümayəndələri iştirak ediblər. Finlandiyada Müstəqillik gününəm həsr olunmuş daha bir tədbir 23 oktyabr tarixində Helsinki şəhərində keçiriləcək.

Danimarkada yaşayan azərbaycanlılar isə Müstəqillik Gününü "Azad Azərbaycan" adlı bədii gecənin keçirilməsi ilə qeyd ediblər. Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycanıntarixi, mədəniyyəti, iqtisadiyyatının inkişafı barədə kitab və broşürlər, sənədli film nümayiş etdirilib. Müstəqillik Günü ilə əlaqədar tədbirlər Almaniyanın Berlin və Drezden şəhərlərində də keçirilib. Berlində Almaniyadakı "Türk-Azərbaycan Birliyinin" təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci və Türkiyə Cümhuriyyətinin 88-ci ildönümləri birgə qeyd olunub. Drezdendə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar "Azərbaycan beynəlxalqmünasibətlər sistemində" mövzusundakonfrans keçirilib. Müstəqillik Günü ilə bağlı tədbirlərin Fransa, Böyük Britaniya, Norveç və İtaliyada da keçirilməsi nəzərdə tutulub.

İtaliyada fəaliyyət göstərən "İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyası"nın, "Azəri" Cəmiyyətinin təşkilatçılığı ilə Milanda konfrans, sərgi və konsert proqramı təşkil olunacaq.

Türkiyədə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Türkiyənin parlament və hökumət nümayəndələrinin iştirakı ilə möhtəşəm tədbirin keçirilməsi planlaşdırılıb.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib, ölkənin ən nüfuzlu mətbu orqanlarında biri olan "Əl-Bayan" qəzetində Azərbaycana dair məqalə dərc edilib. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ABŞ, Kanada və Meksikada yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunur. ABŞ-ın Vaşinqton, Nyu-York, Hyuston şəhərlərində USAN, Amerika-Azərbaycan Gənclər Təşkilatının təşkilatçılığı ilə toplantı və seminarlar keçirilib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Hyuston şəhərinin meriyasının binasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə ziyafət verilib. Kanadanın Monreal və Kalqori şəhərlərində müvafiq olaraq Kvebek Azərbaycanlıları Assosiasiyası və Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kanadanın Ontario vilayətinin London şəhərində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir isə artıq baş tutub. Azərbaycan Kanada Türk Assosiasiyasının təşkilatçılığı ilə Platts Lane Community Centre –də keçirilən tədbirdə Azərbaycan və Türk diasporlarının nümayəndələri ilə yanaşı yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Latın Amerikasındakı Azərbaycan Assosiasiyası ölkəmizin Meksikadakı səfirliyi ilə birlikdə Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Mexikoda şəhərin ən tanınmış teatrlarından olan Palacio de Bellas Artes-də tədbir keçirəcək. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirlərin Avstraliya və Yeni Zelandiyada da keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə