Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü bir çox ölkələrdə qeyd olunub

Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü bir çox ölkələrdə qeyd olunub

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edirlər. SİA-nın xəbərinə görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilir. Müstəqillik gününə həsr olunmuş tədbirlər postsovet məkanının digər ölkələrində - Gürcüstan, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunur.

Latviyada fəaliyyət göstərən "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Diasporla İş üzrə dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Riqa şəhərində "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda konfrans keçirilmiş, həmçinin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan sərginin açılışı olub. Bu gün Estoniyanın paytaxtı Tallində Estoniya-Azərbaycan parlament qrupu, Bakılılar Klubu, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir və sərgi keçirilir. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, dövlət, hökumət, parlament, diplomatik korpus və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Eyni zamanda, Estoniya parlamentində "Azərbaycan Respublikasının Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu" mövzusunda konfrans olacaq. 20 oktyabr tarixində Litva seymində DİDK-in dəstəyi ilə Litva Azərbaycanlıları Cəmiyyətinin və Litva-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. Litva seyminin rəhbərliyi, diplomatik korpusun nümayəndələrinin, ölkədə fəaliyyət göstərən digər milli icma nümayəndələri ilə yanaşı QHT və KİV nümayəndələrinin də iştirak edəcəyi tədbirin Litva Respublikasının Televiziyası vasitəsilə canlı yayımı nəzərdə tutulub.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi və DİDK ilə birlikdə Buxarestdə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş konfrans keçirilib. "Macar-Azərbaycan dostluq Cəmiyyəti" Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Müstəqillik gününü konfrans keçirməklə qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə