Ramil Usubov: \"Azərbaycanda 23 mindən çox cinayətkar qrup zərərsizləşdirilib\"

Ramil Usubov: \"Azərbaycanda 23 mindən çox cinayətkar qrup zərərsizləşdirilib\"

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü Daxili İşlər Nazirliyində də təntənə ilə qeyd edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətlə bu gün nazirliyin kollegiya üzvləri, Baş İdarə, İdarə və xidmət rəhbərləri respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər Xiyabanı ziyarət edilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri anılıb.


General-polkovnik R. Usubov müstəqil dövlətimizin təşəkkülündə, ərazi bütövlüyünün və suverenliyininin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində danılmaz xidmətləri olan daxili işlər orqanlarının formalaşdırılması, keçdiyi çətin, lakin şərəfli yol, cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmini, eyni zamanda, DİO-nun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin iş şəraitinin və maddi rifah halının daha da yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlər barədə ətraflı məruzə ilə çıxış edib. Vurğulanıb ki, ötən zaman kəsiyində əldə olunmuş uğurların təməli ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulub.


Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsinə, xalqımızın çətin və mürəkkəb tarixi proseslərdən keçərək yeni müstəqil dövləti bərpa etməsinə baxmayaraq həmin vaxt ölkəmizin düşdüyü çıxılmaz vəziyyət, dövlətçilik institutlarının dağıdılması, iqtisadiyyatın talanı, torpaqlarımızın beşdə-birinin itirilməsi ilə nəticələnmiş hakimiyyət çəkişmələri və siyasi-kriminal oyunlar, xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması Azərbaycanı bu tarixi nailiyyətin itirilməsi, parçalanma, vətəndaş müharibəsi və dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoyub. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbilə ali hakimiyyətə qayıdan ulu öndərin sarsılmaz iradəsi və yorulmaz fəaliyyəti nəticəsində dövlətçiliyin real itirilmə təhlükəsinin, vətəndaş müharibəsinin, separatçılıq təzahürlərinin qarşısı alınıb. Azərbaycanın siyasi izolyasiyadan qurtulması, eləcə də Qarabağ probleminin həlli istiqamətində qətiyyətli addımlar atılıb.


Ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının, bu sahədəki uğurların əsasını qoyub. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə qanunsuz odlu silah və sursat yığılıb, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr ləğv edilib, hakimiyyət orqanlarına meydan oxuyan yüzlərlə cinayətkar dəstə zərərsizləşdirilib, qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət təmayüllər müşahidə olunub. O dövrün cinayətkarlığının statistikası baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir.


1992-ci illə müqayisədə 2004-cü ildə ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə yüksəlib. Ümumi cinayətlərin sayı 32,3 faiz, o cümlədən qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, habelə bağlı qalmış cinayətlər 10,6 dəfə azalıb. Bu illərdə daxili işlər orqanları ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən - müstəqil dövlətin qurulmasının həyati vacib şərti olan ictimai-siyasi sabitliyin təminatçılarından birinə çevrilib. Dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə xidmət etmək olan və Heydər Əliyev məktəbini keçmiş peşəkar hüquq-mühafizə orqanı kimi formalaşıb.


Sonrakı dövrlərdə DİN sistemində islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı, şəxsi heyətin sosial müdafiəsinə yönələn tədbirlər görüldü, o cümlədən 1996-2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı beş sərəncam imzalanıb, dövlətçiliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri igidlik və xidməti borca sədaqətə görə yüzlərlə əməkdaş və hərbi qulluqçu yüksək dövlət mükafatlarına, habelə ali xüsusi rütbələrə layiq görülüb.


Daxili işlər naziri R. Usubov diqqətə çatdırıb ki, ümummilli liderimizin siyasi kursunu layiqincə davam və inkişaf etdirən möhtərəm prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə cəmiyyət həyatının bütün sahələrində böyük uğurlar əldə edilib. Artıq neçə illərdir ki, Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir. Ulu öndər Heydər Əliyevin ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin əsasını qoymuş məlum Fərmanından ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və son 17 ildə onun tətbiqilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin məntiqi nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir.


Qeyd olunub ki, əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2.7 fakt, quldurluqlar 1.9 fakt, hədə-qorxu ilə tələb etmələr 0.3 fakt, banditizm 0.01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Əldə edilən nailiyyətlər həm həyata keçirilən kompleks profilaktik tədbirlərin, həm də daxili işlər orqanlarının digər hüquq mühafizə strukturları ilə işgüzar və sıx əməkdaşlığının, gecəli-gündüzlü gərgin əməyinin nəticəsidir.


Daxili işlər naziri bildirib ki, ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edib. Proqram çərçivəsində Nazirliyin strukturunda Daxili Təhlükəsizlik, İnsan Alverinə Qarşı Mübarizə, Miqrasiya idarələri təsis olunub. Həmçinin, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə "102" və "Təhlükəsiz şəhər" xidmətləri, "Qaynar xətt", internet saytı, elektron poçt ünvanı və s. yaradılıb. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük əhəmiyyət kəsb edən xüsusi texnika, avadanlıq və vasitələr alınmışdır. Asayişə nəzarət və əməliyyat-axtarış metodlarının modernləşməsi üzrə həyata keçirilən tədbirlərlə cinayətlərin qarşısının alınması, istintaqı, cinayət törədən şəxslərin axtarışı, ictimai təhlükəsizliyin, yol hərəkəti qaydalarının təmin edilməsi və s. istiqamətlər üzrə nazirlikdə 13 informasiya sistemi yaradılıb. Bir çox struktur qurumlar üçün müasir inzibati binalar inşa edilmiş, avtomobil parkı xeyli genişləndirilib. Ölkə prezidentinin sərəncamları ilə şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları ardıcıllıqla artırılıb, əlavə sosial ödənclər müəyyən olunub. Yarandığı gündən şərəfli bir yol, böyük inkişaf mərhələsi keçən, ümummilli liderimizin və möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da nümunəvi nizam-intizamı olan hərbi quruma çevrilib.


General-polkovnik Ramil Usubov çıxışının sonunda əmin olduğunu bildib ki, prezidentinə və andına sadiq olan daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti bundan sonra xalqına və dövlətinə sədaqətlə xidmət edəcək, möhtərəm dövlət başçımızın rəhbərliyi altında müstəqilliyimizin əbədi, saprsılmaz və dönməz olması üçün səylərini əsirgəməyəcək.


Təntənəli mərasimin sonunda nazir Azərbaycan polisinin peşə bayramı ərəfəsində dövlətin konstitusiya quruluşunun əsaslarının müdafiəsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə ölkə prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş bir qrup əməkdaşa orden və medalları təqdim edib, həmçinin dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illik yubileyi ilə əlaqədar xidmətdə fərqlənənləri mükafatlandırıb.


Tədbirin rəsmi hissəsindən sonra Çevik Polis Alayı əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının nümunəvi çıxışları olub. Mərasim hər iki qurumun şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə