ETSN-də müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib

ETSN-də müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıdığını və tarixi ictimai-siyasi hadisə olduğunu qeyd edib.

Nazir müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yarandığını, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların və bir sıra mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.

H.Bağırov qeyd edib ki, bu gün də ümummilli lider Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müstəqil Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün bu istiqamətdə vaxtilə başlanılan işlər uğurla davam etdirilir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbirdə iştirak edən millət vəkili Fəttah Heydərov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının da çıxışı dinlənilib.

Tədbirin sonunda "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi" medalları və "Əməkdar mühəndis" adına layiq görülən bir qrup Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə