Təbrizdə Azərbaycanın müstəqilliyinin ildönümü qeyd olunub - FOTO

Təbrizdə Azərbaycanın müstəqilliyinin ildönümü qeyd olunub - FOTO

Oktyabr ayının 12-də, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tərəfindən "Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü" ilə bağlı Təbrizin beş ulduzlu beynəlxalq Şəhriyar otelinin "Çeşməndaz" salonunda rəsmi qəbul keçirilib.

SİA-nın xəbərinə görə, rəsmi qəbul Azərbaycan və İranın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Daha sonra Azərbaycanın Təbrizdəki baş konsulu çıxış edərək Azərbaycan Respublikasının bu illər ərzində keçdiyi çətin və şərəfli yoldan danışıb. Baş konsul 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının həmin dövrdə süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldığını, lakin azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə azərbaycan rəhbərliyinə gəlməsi və onun apardığı uzaqgörən siyasət nəticəsində bu təhlükənin qısa zamanda aradan qaldırıldığını diqqətə çatdırıb. Baş konsul, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi bu midrik siyasətin hal-hazırda da ölkə rəhbərliyi tərəfindən davam etdirildiyini vurğulayaraq, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bütün sahələr üzrə inkişafa nail olduğunu bildirib.

Baş konsul həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun törətdiyi fəsadlar, Ermənistanın apardığı təcavüz siyasəti, həyata keçirdiyi soyqırımları haqqında da məlumat vermiş, işğal olunmuş torpaqlarımızda Azərbaycana aid mədəniyyət müəssisələrinin, tarixi-dini abidələrin, məscid və minarələrin məhv edildiyini və ya təhqirə məruz qaldıqlarını diqqətə çatdırıb.

Baş konsul müstəqil Azərbaycan Respublikasının beynəlxalq müstəvidə apardığı uğurlu siyasətdən, qonşu ölkələrlə, xüsusən İran İslam Respublikası ilə yaradılan dostluq və səmimi qonşuluq münasibətlərindən də söhbət açmış və bu münasibətlərin inkişafında İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan, eləcədə Ərdəbil və Azərbaycana yaxın digər vilayətlərinin də payının olduğunu bildirərək, bütün iştirak edənlərə və rəsmi qəbulun keçirilməsinə yaradılan şəraitə görə Şərqi Azərbaycan Vilayətinin rəhbərliyinə öz təşəkkürlərini çatdırıb.

Daha sonra İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb regionu üzrə Nümayəndəliyinin rəhbəri Rza Yaqubi çıxış edərək İranla Azərbaycan arasında olan dostluq əlaqələrindən danışmış, "Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü" ilə bağlı Şərqi Azərbaycan Vilayətinin rəhbərliyinin və özünün təbriklərini çatdırıb.

Çıxışlardan sonra "Azərbaycan" adlı videoçarx nümayiş olunmuş və iştirakçılar Azərbaycan xalq mahnılarının sədaları altında Azərbaycan milli mətbəxinin yeməkləri və şirniyyatlarına qonaq ediliblər.

Rəsmi qəbulda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb regionu üzrə Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan Valiliyinin bir sıra dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və baş konsulluğun əməkdaşları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, İranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Rəsmi qəbul iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə