Koxanəbi kəndində bir gün - FOTOREPORTAJ

Koxanəbi kəndində bir gün - FOTOREPORTAJ

Koxanəbi kəndi Tovuz rayonunun Ermənistan silahlı qüvvələri ilə ən yaxın mövqedə yerləşən sayca ikinci kəndidir. SİA-nın bölgə müxbiri xəbər verir ki, düşmən postları ilə yaşayış məntəqəsi arasındakı məsafə 300-500 metrdir. Açıq etiraf etmək lazımdır ki, Qarabağ müharibəsindən öncə rayonun sözügedən kiçik kəndinin təxminən mindən artıq sakini olub. Lakin məlum hadisələrdən sonra sakinlərdən bəziləri ərazini tərk edib. Ancaq gedənlərdən fərqli olaraq kənddə təxminən 200 nəfərdən çox sakin öz dədə-baba yurdlarını tərk etməyib. Bu gün Koxanəbidə silah səsləri eşidilir. Kənd sakinləri bizlərə bələdçilik edir. Ermənistan mövqelərindən evlərinə yağan güllə yağışlarının izlərini göstərirlər. Koxanəbidə zədələnən dam örtükləri, yandırılmış əkin sahələrinə addımbaşı rast gəlinir. Üstəlik, erməni silahlı birləşmələri artıq iri çaplı silahlara üstünlük verir. Buradakı mənzillərin demək olar ki, əksəriyyəti hündürlükdə yerləşən ermənilərin təxminən 3 postu ilə qarşı-qarşıyadır. Dolanışıqları kənd təsərrüfatından çıxan koxanəbililər bu gün yüz hektarlarla əkin sahələrini erməni snayperinə tuş gəlməmək üçün əkib becərə və məhsul götürə bilmir. Üstəlik mənfur düşmən insanlarla yanaşı, əhalinin bir başqa dolanışıq mənbəyi olan mal-qaraları da hədəfə alır. Min-bir əziyyətlə baxılan iri və xırda buynuzlu heyvanlar tələf edilir.

Bildirək ki, Tovuzun sərhəd kəndi olan Koxanəbi birinci Qarabağ döyüşündə 16 şəhid verib. Ancaq düşmən bu torpağa ayaq basa bilməyib. Atəşkəsdən sonra Koxanəbi kəndinin günahsız dinc əhalisi arasında erməni gülləsi ilə qətlə yetirilən, şikəst qalan insanların sayı kifayət qədərdir. Düşmən bu qorxu altında saxlama siyasətini davam etdirməkdədir. Biz çəkiliş qrupu olaraq Koxanəbi kəndindən dəlmə deşik dam örtükləri, hədəfə alınan yaşayış evlərindəki güllə izləri, yandırılan əkin sahələrinin görüntülərinin və nəhayət hər dəqiqəsi ölümlə burun-buruna dayanan insanların üzləşdikləri ağır şəraitlərin təsiri altında ayrıldıq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə