Xocavənddə şəhidlərin xatirəsi əbədiləşdirilib

Xocavənddə şəhidlərin xatirəsi əbədiləşdirilib

Xocavənddə Qarabağ müharibəsində şəhid olanların adının əbədiləşdirilməsi üçün Nərgiz təpə ərazisində abidə kompleksi ucaldılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, xatirə kompleksinin açılışında xocəvəndli məcburi köçkünlər və rayon ziyalıları iştirak edib.

Xocavənd rayonunun Nərgiz Təpə ərazisi Qarabağ müharibəsi dövründə ən qızğın döyüşlərin getdiyi ərazidir. Bu yer bir neçə dəfə erməni silahlı qüvvələri tərəfindən işğal edilsə də Azərbaycan ordusunun güclü müqaviməti nəticəsində qarşı tərəfin qüvvələri geri oturdulub. Abidənin açılışında həmin vaxt bu ərazidə gedən döyüşlərdə iştirak edən müharibə veteranları da iştirak edib.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə döyüşlər zamanı Azərbaycan əsgərlərinin şəhid olduğu 3 yerdə xatirə lövhəsi, Nərgiz Təpə yüksəkliyində isə abidə kompleksi inşa edilib. Abidənin üzərində şəhid olan 145 xocavəndlinin adı həkk edilmiş lövhə də inşa edilib. İndi bu xatirə kompleksi xocavəndlilərin and yeri olacaq.

Açılış mərasimində işğal edilmiş bir necə rayonların icra başçıları və Dağlıq Qarabağın Azərbaycan icmasının sədri Bayram Səfərov da iştirak edib.

Şamxal


Bütün xəbərlər Facebook səhifəmizdə