Əli Həsənov: “Yerli sakinlərin evlərində yaşayan 20-yə qədər məcburi köçkün ailəsi həmin evlərdən köçürülüb”

Əli Həsənov: “Yerli sakinlərin evlərində yaşayan 20-yə qədər məcburi köçkün ailəsi həmin evlərdən köçürülüb”

Bakı ərazisində çox vacib tikinti ərazilərinə düşən yerlərdən də 200-dək məcburi köçkün ailəsi köçürülüb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, bu proses gündəlik gedir və məcburi köçkünlərin Avropa Şurasına müraciət etməsinə ehtiyac yoxdur.

Onun sözlərinə görə, bəzi vəkillər məcburi köçkünləri az qala şamla axtarıb tapırlar ki, onların müraciətlərindən qazanc əldə etsinlər: "Bu, düzgün yol deyil. Artıq Azərbaycan hökuməti qərar qəbul edib, vəsait ayırıb, biz tədricən onları köçürürük. Artıq bu Dövlət Proqramında da öz əksini tapıb. Məcburi köçkünlər bu cür insanlara şərait yaratmamalıdırlar. Onların hesabına dövlətin imicinə ziyan dəyir".

Ə.Həsənov qeyd edib ki, yerli sakinlərin evlərində yaşayan 20-yə qədər məcburi köçkün ailəsi həmin evlərdən köçürülüb. O qeyd edib ki, mənzillərində məcburi köçkün yaşayan ev sahiblərinə də müraciət edib: "Biz tədricən bu problemi həll edəcəyik. Avropa Şurasına müraciət etməyə ehtiyac qalmayacaq. Artıq bu problem fundamental şəkildə öz həllini tapır. Bu qədər dözüblərsə, bir qədər də dözsünlər. Onlar bilsinlər ki, dövlətin imicinə vurduqları ziyan çox böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə