«Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu» kitabının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

«Müstəqil Azərbaycan - 20: iqtisadi inkişaf yolu» kitabının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Bu gün Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun \"Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu\" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, politoloqlar, ictimai-siyasi xadimlər və fəal ictimaiyyət nümayəndələri iştirak edib.

Prezident Kitabxanasının rəhbəri Nail Rəhimov mərasimi açıq elan edərək, xalqımızın çox əlamətdar bir hadisə – dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı böyük bayramın keçirilməsi ərəfəsində olduğunu bildirib: \"Hər bir yubiley özündə bir hesabatdır və bu hesabat zamanı hər kəs 20 il ərzində görülən işləri göz önünə gətirir. Qeyd edim ki, Azərbaycan 20 il ərzində çox böyük nəticələr əldə edib. Bu nəticələr isə kitablar vasitəsilə ictimaiyyətə təqdim olunur\".

Kitab təqdimat mərasiminə sədrlik edən \"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru Hikmət Babaoğlu öncə kitabın ərsəyə gəlməsində zəhməti olan insanlara təşəkkürünü bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasınınr üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun müəllifliyi ilə dərc olunan \"Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu\" kitabının məsləhətçisi Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, redaktoru \"Səs\" qəzetinin baş redaktoru, Azərbaycan İctimai-siyasi Universitetinin baş müəllimi Bəhruz Quliyevdir: \"Tədbir iştirakçılarına təqdim olunan kitab müstəqil Azərbaycanın 20 illik inkişaf yolunu, iqtisadi nailiyyətlərini və önəmli hadisələrini düzgün və analitik prizmadan əhatə edir. Belə ki, kitabda Azərbaycanın iqtisadi inkişafının 20 illik dövrü maraqlı təhlil obyektidir. Həmçinin, 20 il ərzində Ulu Öndərimizin uğurlu nailiyyətlərinin ictimaiyyətə çatdırılmasında dəyərli vəsaitdir. Kitabın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada iqtisadiyyatın ayrı-ayrı sahələri ilə yanaşı, həmçinin, digər sahələr də təhlil olunaraq oxucuya çatdırılır.

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı mərasimdə çıxış edərək, müstəqillik illərində əldə edilən uğurların ictimaiyyətə çatdırılmasında təqdimatına yığışdığımız belə kitabların böyük əhəmiyyət daşıdığını bildirib. M.Qurbanlı qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyimiz bərpa edildikdən sonra bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ictimai mülkiyyətə əsaslanan iqtisadi modeli yeni modellə əvəz etmək oldu. Çünki uzun müddət Azərbaycan SSRİ-nin tərkibində olan ictimai mülkiyyətə əsaslanan iqtisadi modeldə yaşayıb. İctimai mülkiyyətdə liberal iqtisadiyyata keçid, əlbəttə, mürəkkəb proses idi. Ümumiyyətlə, tarixə nəzər salsaq, bu cür keçidlər qansız başa gəlməyib. Çünki cəmiyyətdə ən incə məsələlərdən biri mülkiyyət məsələləridir, iqtisadi münasibətlərdir. İqtisadi münasibətlər də mülkiyyətin üzərində nəzarət məsələsi cəmiyyətdə həmişə bir nömrəli vəzifə olub və mülkiyyətə nəzarət, mülkiyyətin idarəçiliyi uğrunda mübarizə gedib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qaydışından sonra faktiki addımlar atılmış və Azərbaycanın mülkiyyət münasibətlərinin əsas hüquqi siyasi təməli 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapıb.

M.Qurbanlı həmçinin, onu da vurğulayıb ki, kitabın məsləhətçisi Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın İcra katibi, millət vəkili Əli Əhmədovun tövsiyələri, eyni zamanda, ön sözün müəllifi akademik, millət vəkili Ziya Səmədzadənin fikirləri müəllifin bu yöndə apardığı tədqiqatlara çox böyük təsiri olub. Eyni zamanda, hörmətli akademik Ramiz Mehdiyevin irəli sürdüyü tezislər, ölkə Prezidenti İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələr bu kitabda elmi şəkildə təhlil edilərək ictimaiyyəti diqqətinə çatdırılıb.

Mərasimdə çıxış edən millət vəkili Musa Quliyev dövlət müstəqilliyinin ilk günlərindən Yeni Azərbaycan Partiyasının üzvlərinin bu yolda daha çox fəal olduğunu söyləyib. Bildirib ki, bu baxımdan, YAP Siyasi şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynovun müstəqilliyimizin 20 illiyi ərəfəsində belə bir kitabı ərsəyə gətirməsi həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli vəsaitdir.

Millət vəkili Vahid Əhmədov isə 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyimizin yenidən bərpa olunduğu tarixi gündən bu günə kimi keçdiyi hadisələrlə bağlı fikirlərini söyləyib. Millət vəkili 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra 1993-cü ilə qədər ölkədə böyük gərginliyin yarandığını və müstəqilliyimizin əldən getməsi prosesinin baş verdiyini də qeyd etdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra çox çətinliklə əldə olunan müstəqilliyimizin möhkəmlənməsinə nail oldunduğunu deyərək, vurğulayıb ki, əsasən, Azərbaycanda 1994-cü il sentyabrın 20-də \"Əsrin müqaviləsi\"olan neft kontraktının bağlanması ilə dövlət müstəqilliyimizin möhkəmlənməsinin bünövrəsi qoyuldu.

Millət vəkili Qənirə Paşayeva da təqdimat mərasimində deyilən fikirlərlə şərik olduğunu və bu kitabın çox qiymətli və dəyərli olduğunu söyləyib: \"Bu kitabı oxumaq ona görə maraqlı və dəyərlidir ki, kitabın müəllifi Aydın Hüseynov özü bu proseslərin iştirakçısı və şahidi olmuşdur. Məhz buna görə də, bu kitab hər bir kəsə dəyərli və həm də 20 il ərzində iqtisadiyyatımızın hansı çətinliklərdən keçdiyinin göstəricisidir\".

Q.Paşayeva onu da vurğulayıb ki, bir ölkənin davamlı inkişafı onun iqtisadi inkişafını sərgiləyən faktorlardandır. Millət vəkili iqtisadçı A.Hüseynovun bu baxımdan kitabda verdiyi təhlillərin daha dürüst və dəqiq faktlara söykəndiyini söyləyib: \"Hesab edirəm ki, bu kitab nəinki iqtisadiçılar üçün, hər kəs üçün, xüsusilə də gənclərimiz üçün maraqlıdır. Çünki gənclərimiz Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 20 il ərzində keçdiyi yolu bu kitabda daha dolğun görə və öyrənə bilərlər\".

Politoloq Cümşüd Nuriyev isə Azərbaycanın iqtisadi inkişaf modelinin dünyaya təqdim olunan model olduğunu vurğulayıb: \"Bu kitabın əsas məqsədi Azərbaycanın iqtisadi inkişaf modelinin, məhz paralel iqtisad modelinin nə qədər uğurlu və nə qədər istifadə oluna biləcəyini gündəmə gətirib. Kitabda Azərbaycan iqtisadiyyatının bütün sahələri ilə bağlı məlumatlar verilib. Qeyd edərdim ki, bu kitab siyasi deyil, həm də iqtisadi monoqrafiyadır\".

YAP Siyasi Şurasının üzvü, \"İki sahil\" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə kitabın məsləhətçisi Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədova və kitabın ərsəyə gəlməsində əməyi olanlara öz minnətdarlığını bildirib. Qeyd edib ki, müstəqilliyimiz ilk illərində Azərbaycan iqtisadiyyatı öz çətin günlərini yaşayırdı: \"Kitabda istər müstəqilliyimizin ilk dövrlərinə, istərsə də bu günə qədər Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etdiyini konkret və reallıqlara əsaslanan faktlarla qeyd olunduğunu görürük. Xüsusilə də 1994-cü il sentyabrın 20-də \"Əsrin müqaviləsi\" adlı dahiyanə neft kontraktının imzalanması kitabda öz əksini daha geniş şəkildə tapır. Çünki həqiqətən də, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra 1994-cü ildən başlayaraq ölkəmizin iqtisadiyyatının hər il irəliyə doğru addım atdığının şahidi oluruq. Bütövlükdə Azərbaycan iqtisadiyyatının və sosial həyatının yaxşılaşması, məhz neft kontraktının imzalanmasından sonra başlandı. Ümumiyyətlə, kitabda bütün sahələrdə iqtisadi göstəricilər çox dəqiq və rəqəmlərə söykənən faktlarla verilmişdir\".

Millət vəkili, professor Musa Qasımlı isə müstəqilliyimizin 20 ilinin tarix baxımdan çox da böyük zaman olmadığını söyləyərək, lakin bu illər ərzində çox böyük uğurlar əldə olunduğunu bildirib. M.Qasımlı onu da vurğulayıb ki, bu gün ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada rəqabətə davamlı bir ölkəyə çevrilmişdir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı xalqımızın əlamətdar böyük bayram ərəfəsində olduğunu vurğulayıb: \"Bu gün özümüz özümüzü bu 20 ildə davamlı inkişaf yolu keçməyimizlə bağlı təbrik edirik. Həmçinin, özümüz özümüzə dövlət müstəqilliyimizin bundan sonra da daha davamlı olmasını arzulayırıq. Çünki Azərbaycanın potensialının qat-qat yüksək olması ölkəmizin lider dövlətə çevrilməsinə gətirib çıxarıb. Təqdimatı keçirilən \"Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu\" kitabında Azərbaycanın sürətli inkişafı, çoxsistemli islahatları ölkəmizin yeni inkişaf meyarları geniş şəkildə öz əksini tapmışdır\".

ADPU-nun prorektoru, professor Vilayət Əliyev isə Azərbaycanın keçdiyi 20 illik yolun uğurlu və nailiyyətlər dolu illər olduğunu söyləyib. V.Əliyev xüsusi olaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədovun məsləhətlərinin, həmçinin, \"Səs qəzetinin baş redaktoru Azərbaycan İctimai-siyasi Universitetinin baş müəllimi Bəhruz Quliyevin peşəkar redaktorluq nümunəsidir ki, kitab belə yüksək səviyyədə ərsəyə gəlib.

\"Bakı Xəbər\" qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında bildirib ki, ictimaiyyətə təqdim olunan bu kitab Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin göstəricilərini əks etdirir.

Politoloq Elman Nəsirli isə kitabda istər iqtisadiyyat, istərsə də siyasi sahədə çoxsaylı suallara çoxsaylı cavabların tapıla biləcəyini vurğulayıb: \"Müəllif bu kitabda müstəqilliyimizin 20 il ərzində qazandığı iqtisadi göstəriciləri yüksək peşəkarlıqla təhlil etmiş və yetərincə maraqlı məlumatlar toplamışdır. Eyni zamanda, Azərbaycan büdcəsinin 40 milyard dollar həcmində olduğu ilə yanaşı, kitabdan öyrəndik ki, Ermənistanın və Gürcüstanın dövlət büdcələri ölkəmizin büdcəsindən qat-qat aşağıdır. Təbii ki, bunu bilməyənlər də var və bu kitabı əldə etdikdən sonra iqtisadi inkişafla bağlı daha maraqlı informasiyalar əldə edə bilərlər\".

\"Səs qəzetinin baş redaktoru Azərbaycan İctimai-siyasi Universitetinin baş müəllimi Bəhruz Quliyev vurğulayıb ki, bu ərəfədə Azərbaycan xalqı dövlət müstəqilliyinin 20 illiyini qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncamdan irəli gələn silsilə tədbirlər həyata keçirilir. Məhz \"Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu\" kitabı da bu Sərəncam əsasında hazırlanmış və oxuculara, ictimaiyyətə təqdim edilməkdədir: \"Təbii ki, kitabın ərsəyə gəlməsində Aydın Hüseynovun iqtisadçı kimi fəaliyyəti üzərində qazandığı bilgilər xüsusi önəm daşıyır. Kitab həm elmi-nəzəri, həm də praktiki cəhətdən özündə bir çox məsələləri ehtiva edir ki, onların ən başlıcası və ən ümdəsi, bilavasitə ötən iki onillikdə Azərbaycanın keçdiyi şərəfli müstəqillik yoludur. Xüsusilə, vurğulamaq istərdim ki, son illər iqtisadiyyatımızın qazandığı nailiyyətlərin hər biri ayrı-ayrılıqda ötən illərdə əldə edilən uğurların məntiqi nəticəsidir. Son olaraq, bir daha bu kitab üzərində əziyyət çəkən şəxslərə minnətdarlığımı bildirirəm\".

Sonda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri \"Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu\" kitabının müəllifi Aydın Hüseynov çıxış edərək bildirib ki, bundan sonra da ictimaiyyətin marağına səbəb ola biləcək işlər görməyi nəzərdə tutub: \"Eyni zamanda, mən buraya toplaşan bütün insanlara söylədikləri yüksək və dəyərli fikirlərinə görə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm\".


Rəfiqə KAMALQIZI,

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə