Elnur Aslanov: \"Azərbaycan danışıqlar prosesində müəyyən vaxt limitinin olmasını nəzərə alır\"

Elnur Aslanov: \"Azərbaycan danışıqlar prosesində müəyyən vaxt limitinin olmasını nəzərə alır\"

Rusiya, ABŞ, Fransa və ümumiyyətlə dünya birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etinasız yanaşmamalıdır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. Onun sözlərinə görə, ABŞ, Rusiya və Fransa dövlət başçılarının, Avropa İttifaqı rəhbərliyinin bəyanatlarında da status-kvonun davam etməyəcəyi vurğulanır: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi bir çox suallar meydana çıxarır və dünya siyasətində ikili standartların mövcud olduğunu önə çəkir. Ermənistan apardığı siyasətlə, danışıqlardan qaçmaqla status-kvonu qorumağa çalışır, lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, status-kvo davam etməyəcək. Regionda Ermənistanın daha rasional, konstruktiv mövqe tutması üçün Ermənistana təzyiqlər daim artırılmalıdır. Azərbaycan danışıqlar prosesinə ümidlə yanaşır. Eyni zamanda Azərbaycan danışıqlar prosesində müəyyən vaxt limitinin olmasını nəzərə alır".

Ermənistanın müxtəlif dövlətlərdən silah almasına gəlincə PA rəsmisi: "Ermənistanın istənilən dövlətdən silah alması regionda böyük destabilizasiya faktorudur. Ermənistanın istər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, istərsə də regionda apardığı siyasət bir daha onun bölgədə qeyri-konstruktiv faktor olmasını göstərir və destruktiv rol oynayan ölkə olduğunu ortaya qoyur. İstənilən silah alışı bölgədə sülh və sabitliyin bərqərar olmasına şərait yaratmır, əksinə, maneələr törədir"- deyə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə