“Müstəqil Azərbaycan 20 il: Dövlət, Ailə, Qadın və Uşaq”-YENİLƏNİB

“Müstəqil Azərbaycan 20 il: Dövlət, Ailə, Qadın və Uşaq”-YENİLƏNİB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi "Müstəqil Azərbaycan 20 il: Dövlət, Ailə, Qadın və Uşaq" mövzusunda elmi praktik konfrans keçirib. SİA-nın xəbərinə görə, konfransda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər ictimai-siyasi xadimlər iştirak ediblər. Konfransın keçirilməsində məqsəd 20 il müstəqillik tarixində dövlətin apardığı ailə, qadın və uşaq siyasətinin təhlilinə müvafiq sahələrdə mövcud problemlər və bu problemlərin həlli yollarının müzakirəsidir.

Tədbiri giriş sözü ilə açan komitənin sədri Hicran Hüseynova bildirib ki, bu gün Azərbaycan yeni siyasi, iqtisadi sistem qurub və sürətlə inkişaf edərək regionun aparıcı dövlətinə çevrilib. Onun sözlərinə görə, qazanılan güclü potensial sosial siyasətin prioritet istiqamətini təşkil edən ailə, qadın və uşaq məsələləri həlli üçün də zəmin yaradır: "Ölkəmizdə aparılan uğurlu sosial siyasət və onun tərkib hissəsi olan gender siyasətinin nəticəsi olaraq, respublika qadınlarının öz potensiallarını reallaşdırması, daha da fəal olması üçün geniş zəmin yaranıb. Azərbaycan tarixinin ən şərəfli dövrü müstəqilliyin bərpasıdır. Dövlətimiz ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün gücünü səfərbər edib. Ölkədə aparılan uğurlu sosial siyasət qadınların öz potensiallarını reallaşdırmasına daha geniş zəmin yaradıb. Müasir Azərbaycanda qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artır. Ümumilikdə parlamentdə qadın deputatların təmsilçiliyi ötən çağırışa nisbətdə 14-dən 20 nəfərə yüksəlib. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatıb".

Komitə sədri konfrans iştirakçılarına ölkədə həyata keçirilən uşaq və ailə siyasəti barədə, qadın, uşaq və ailələlərin hüquqlarının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması barədə görülən işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları haqqında məlumat verib.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə vurğulayın ki, Azərbaycan xalqının qadınlarla bağlı məxsusi siyasət var. Bu siyasət 10-20 ilə formalaşdığını deyən Ə.Həsənov bu siyasət tarixən çox qədim bir kökə malikdir.

"Hər bir ailənin əsasında öncə qadın, sonra övlad dayanır. Mən buraya cəmiyyəti də əlavə edərdim. Cəmiyyətin də əsas dayaqlardan biri qadındır. Qadın cəmiyyətdə bütün problemlərin altına öz çiynini verir. İnsan hüquqlarının qorunmasında, dövlət quruculuğunda, elmin inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda, siyasət, mədəniyyət, səhiyyə və digər sahələrdə kişilərin xidmətinin qadınlardan çox olduğunu düşünmürəm. Qadınları gətirib tək ailə və uşaqla bağlamaq bizdə islamdan gəlmədir. İslama qədər də Azərbaycan xalqının qadın obrazı, qadınlara münasibəti mövcud olub. Hələ Manna, Atropatena dövlətlərinin tarixində qadınların dövlətdə oynadığı rolla bağlı az da olsa dövrümüzə müəyyən məlumatlar gəlib çıxıb. Kişilərlə bərabər qadınlar bu dövlətlərdə dövlət quruculuğunda iştirak edib. İslam sivilizasiyası dövründə Azərbaycan qadın siyasətinin əsasına islam mənbələri qoyulur. İslam mənbələrində qadın daha çox ailənin başında duran müqəddəs varlıq kimi durur. Cənnəti qadınların ayaqları altında göstərməklə qadın müqəddəsləşdirilir. İslamda qadınların mərdliyindən danışan mənbələr yoxdur. Qadın qəhrəman kimi təqdim olunmur. Türklüyün əsasında dayanan Dədə Qorqud dastanında qadın Burla Xatunların simasında mərd, qeyrətli, nəslin, ailənin namusunu qoruyan bir qəhrəman kimi təqdim edilir. Səfəvilər dövründə qadının ictimai həyatdakı rolu artıb. ADR dövründə Şərqdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verilib", - deyə o əlavə edib.

Ə.Həsənov qeyd edib ki, müasir qadın siyasətinin əsasını Heydər Əliyev qoyub. Onun sözlərinə görə, AXC hakimiyyəti dövründə qadınlara qarşı nadanlıq siyasəti aparılırdı: "1993-cü ildən başlayan yeni ailə-qadın siyasəti bu gün uğurla davam edir. Azərbaycanın elmində, mədəniyyətində, siyasətində, dövlət qulluğunda hesab etmirəm ki, qadınların təmsilçiliyi azdır. Qadınlar da bu sahədə fəallıqlarını artırmalıdır. Azərbaycan qadını müasirləşməli, dünyanın mövcud dəyərlərindən, inkişafından kənarda qalmamalıdır. Mehriban xanım Əliyevanın fəaliyyətini izləmək yetər ki, bu gün Azərbaycanın dünyaya təqdim olunmasında Azərbaycan qadınlarının rolunu görək".

Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Azərbaycanda dövlət quruculuğu və ictimai fəaliyyət sahəsində qadınlar və kişilər bərabər hüquqa malikdirlər və bərabər imkanlar əldə edirlər: "Azərbaycanda qadınların dövlət quruculuğu və ictimai fəaliyyətdə təmsilçiliyi onların istəyi ilə bağlıdır. Lakin qadınların bacarığı istəklə üst-üstə düşmür. Hazırda gender bərabərliyi dünyada ən aktual məsələlərdəndir. Azərbaycan qanunvericiliyində qadın və kişi rəqabəti üçün hüquqi baza təmin olunub. Ailə, Əmək, Cinayət məcəllələrində qadınlara münasibət öz əksini tapıb. Ötən 20 il müddətində Azərbaycanda gender bərabərliyi sahəsində uğurlar qazanılıb. Hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında fərq yoxdur".

Tədbirin davamında çıxış edən ombudsman Elmira Süleymanova, TQDK sədri Məleykə Abbaszadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digərləri müxtəlif mövzularda məruzələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə