Beynəlxalq Humanitar Forumun sonunda yekun Bakı Bəyannaməsi qəbul edilib -TAM MƏTN

Beynəlxalq Humanitar Forumun sonunda yekun Bakı Bəyannaməsi qəbul edilib -TAM MƏTN

Oktyabrın 10-da Bakıda öz işinə başlayan və "XXI əsr: ümidlər və çağırışlar" devizi altında keçirilən Beynəlxalq Humanitar Forum başa çatıb. SİA-nın xəbərinə görə, iki gün davam edən forumun sonunda yekun Bakı Bəyannaməsi qəbul edilib.

Bəyannamədə deyilir:

"Biz, 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, siyasət, elm, təhsil və mədəniyyət nümayəndələri olaraq,
BMT-nin "Minillik Bəyannaməsi"ni rəhbər tutaraq və qloballaşmanın yalnız və yalnız bizim hamımızın bütün müxtəlifliyi ilə ümumən bəşəriyyətə mənsubluğumuza əsaslanan ortaq gələcəyimizin formalaşdırılması istiqamətində genişmiqyaslı və ardıcıl səylərimizin gerçəkləşdirilməsi sayəsində ədalətli şəkil ala biləcəyini qəbul edərək,
qloballaşan müasir dünyada dəyərlər sisteminin dəyişməsinin, sosial və mədəni proseslərin sürətlənməsinin, həyatın bütün sahələrində stereotiplərin alt-üst olmasının əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda təşəkkül tapmış sosial təsəvvürlərdə əsaslı şəkildə dəyişikliklərə yol açdığını müəyyən edərək,
elmin, təhsilin inkişafının, yeni texnologiyaların meydana gəlməsinin, informasiya cəmiyyətinin təşəkkülünün əvvəllər sırf nəzəri görünən bir sıra problemləri aktuallaşdırdığını xatırladaraq,
qloballaşma prosesinin genişlənərək və dərinləşərək alimlər və siyasətçilər qarşısında bəşəriyyətin heç zaman üzləşmədiyi yeni problemlər qoyduğunu və yeni humanitar gündəliyin formalaşdırılmasını tələb edən çoxsaylı çağırışlar meydana çıxardığını nəzərə alaraq,
qloballaşmanın humanitar aspektlərinin elmi təhlilinin böyük əhəmiyyəti və zərurətini təsdiq edərək,
təbiətlə ahəngdar və harmonik şəkildə yaşamağa hazırlığımızın və bacarığımızın olmaması səbəbindən planetar miqyaslı təhdidlərlə üz-üzə dayandığımızı etiraf edərək,
qloballaşmanın müxtəlif modellərinin və variantlarının nəzərdən keçirilməsinin bugünkü mövcud mədəniyyətlərin və mənəvi oriyentirlərin müxtəlifliyinə adekvat diqqət yetirməyə imkan verdiyini nəzərə alaraq,
qloballaşma şəraitində mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsiri prosesinin heç də müəyyən dəyərlər sistemini hamıya qəbul etdirmək kimi bir məqsəd daşımadığını qeyd edərək,
bir ölkənin və ya bir sıra ölkələrin dəyərlər sistemini heç də mütləq həqiqət kimi qəbul etməyərək və bununla yanaşı azadlıq, bərabərlik, həmrəylik, tolerantlıq, təbiətə ehtiram kimi fundamental dəyərlərin mühüm əhəmiyyətini dərk edərək,
sivilizasiyanın parçalanmasının qarşısını almağa qadir etik prinsip və normaların müəyyənləşdirilməsinin və qlobal etikanın bütün dünyada bərqərar olmasının vacibliyini qəbul edərək,
mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bütün cəhdlərinə baxmayaraq, sivilizasiyaların münaqişəsi təhlükəsinin kifayət qədər aktuallığını müəyyən edərək,
qloballaşma prosesinin daha güclü sosial yönüm almasının vacibliyini nəzərə çatdıraraq və hər bir insana onun daha dolğun töhfə verməsinin zəruriliyinə diqqət yetirərək,
sosial ədalət naminə ədalətli qloballaşma haqqında bəyannamənin əsas müddəalarına şərik çıxaraq,
müzakirələr və geniş fikir mübadiləsi çərçivəsində:
Multikulturalizm: nailiyyətlər və problemlər;
Dünyanı dəyişdirən müasir texnologiyalar;
Elmlərin konvergensiyası;
Biotexnologiyalar və etikanın problemləri;
İnkişafın iqtisadi modellərinin humanitar aspektləri;
Sosial jurnalistika və yüksək texnologiyalar;
Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri
kimi problemləri nəzərdən keçirərək,
müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə, insanların əsas hüquq və azadlıqlarının bərqərar edilməsinə nail olmağa, ksenofobiya, irqçilik və dözümsüzlüyün bütün təzahürlərini qətiyyətlə pisləməyə çağırırıq;
müasir elmin və texnologiyaların, informasiya cəmiyyətin bərqərar olması nəticəsində ortaya çıxan çoxsaylı humanitar problemlərinin kompleks şəklində araşdırılmasının zəruriliyini etiraf edirik;
planetar miqyaslı fəlakətlərin, ekoloji və texnogen qəzaların mümkünlüyünün, iqlim dəyişikliyinin və təbii resursların tükənməsinin aktuallığı ilə bağlı problemlərə diqqət yönəltməyi vacib hesab edirik;
biotexnologiyalar sahəsində əldə olunan uğurlarla bağlı fəlsəfi və etik problemlərin xüsusi əhəmiyyət kəsb etdiyinə diqqət yetirilməsinin vacibliyini vurğulayırıq;
yeni texnologiyaların enerji təhlükəsizliyi, sağlam qidalanma və Yer üzündə hər bir insanın rifahı problemlərinin həllinə kömək edəcəyinə ümidimizi ifadə edir, bütün ölkələrdə elmin və yüksək keyfiyyətli təhsilin inkişafına xüsusi diqqət göstərməyə, elmin və təhsilin inteqrasiyasının təmin olunması naminə mövcud potensialdan tam istifadə etməyə çağırırıq;
elmlərin konvergensiyası ideyasının son dərəcə uğurlu olduğunu və onun sivilizasiyanın yeni simasının formalaşması üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edirik;
canlı təbiətin yaratdıqlarını örnək kimi qəbul edərək nanotexnologiya, biotexnologiya, informasiya və koqnitiv texnologiyaların imkanlarından faydalanan və Yer üzündəki müxtəlif resursuların tükənməsinin qarşısını almağa qadir olan yeni texnologiyaların yaradılmasının zəruriliyini qəbul edirik;
qloballaşmaya nail olmaq üçün hər bir ölkənin öz xüsusiyyətlərini nəzərə alan müxtəlif variantların mövcudluğunu dərk edirik;
insanın həmişəki kimi indi də inkişaf prosesinin başlıca subyekti olaraq qaldığına və gerçəkləşdirilən bütün ssenarilərdə onun istənilən inkişaf modelinin əsas iştirakçısı və siması olduğuna diqqət yetiririk;
qloballaşma kontekstində inkişafın iqtisadi modellərinin gerçəkləşdirilməsinin humanitar aspektlərinin qiymətləndirilməsi üçün kulturoloji yanaşmanın müstəsna əhəmiyyət kəsb etdiyini düşünürük;
bütün informasiya məkanının simasını dəyişdirən və sosial şəbəkələr fenomenini yaradan yüksək texnologiyaların həm də ənənəvi informasiya agentlikləri və şəbəkə informasiya yaradıcıları tərəfindən informasiyanın obyektiv işıqlandırılması və adekvat şərhi problemini gündəmə gətirdiyini etiraf edirik;
sosial jurnalistikada qloballaşmanın nəticəsi olaraq sürətlə inkişaf edən yeni tendensiyaların elmi təhlilə ehtiyacı olduğunu qeyd edirik;
formalaşan yeni qlobal dəyər və normativ sintezə həm Şərqin, həm də Qərbin öz dəyərləri ilə nüfuz etdiyini və bütün bəşəriyyətin gələcəyinin dünyanı nə dərəcədə vəhdət halında dərk etməyimizdən asılı olduğunu müəyyən edirik;
qloballaşm
a nəticəsində dünyanın formalaşmaqda olan yeni nizamının uzunmüddətli və mürəkkəb proses olduğunu və müxtəlif ölkələrdə yaşayan insanların dünyagörüşündə dəyişikliklərə yol açdığını qəbul edirik;
BMT, YUNESKO, digər beynəlxalq strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə birgə:
mədəniyyətlərin və dəyərlər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaq şərti ilə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırırıq.
Bu qəbildən forumların vaxtaşırı keçirilməsinin zəruriliyinə inamımızı ifadə edir və Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk.
Bu Bəyannamənin tövsiyə olunmasını və onun humanitar əməkdaşlıq məqsədləri üçün istifadə edilməsini zəruri sayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə