Lənkəranda ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaq

Lənkəranda ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaq
"Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 61 min nəfər üçün hesablanıb. Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaq.
"Azersu"-nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının SİA-ya verdiyi məlumata görə, dünya praktikasında az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna bilən ultrasüzgəcli qurğulardan istifadə olunur. Ənənəvi qum filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəcikləri, suda olan bütün zərərli mikrobları və bakteriyaları tutaraq saxlayır. Bununla da suyun təbii mineral tərkibi saxlanılmaqla, onun daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək. Mənbə kimi Xanbulan dəryaçası seçilib.
Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün həcmi 15 min kubmetr olacaq su anbarı, nasos stansiaysı, ümumi uzunluğu 200 km-ə yaxın olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün 180 km uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 8 ədəd kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək və burda təmizlənəcək.
Layihəyə uyğun olaraq Xanbulandan Lənkərana qədər magistral kəmərin keçəcəyi ərazidə yerləşən Xanbulan, Bürcəli, Gərmətük, Sütəmurdov, Aşağı Nüvədi, Şilavar, Digah kəndləri də içməli su ilə təmin olunacaq.Layihə üzrə tikinti işləri 22 ay ərzində başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə