Dövlət Miqrasiya Xidmətində müstəqilliyin 20 illiyinə həsr olunmuş konfrans keçirilib

Dövlət Miqrasiya Xidmətində müstəqilliyin 20 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq silsilə tədbirləri davam etdirir. Qurumdan SİA-ya verilən məlumata görə, 8 oktyabr 2011-ci il tarixdə Xidmətin inzibati binasında "Azərbaycanın dövlət müstəqilliyi dövründə miqrasiya proseslərinin dinamikası"mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Xidmət əməkdaşları həmçinin Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad etib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Konfrans Xidmətin inzibati binasında dövlət himninin səslənməsi ilə başlanıb. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək, Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" müvafiq Sərəncamına əsasən, bu tarixi hadisənin dövlət səviyyəsində təntənəli qeyd edilməsinin mühüm əhəmiyyətindən danışıb. Qeyd edib ki, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Lakin xalqımızın müstəqil dövlət quruculuğu yolu heç də hamar olmayıb. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail olub, amma digər ölkələrdən fərqli olaraq, respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollarda qanlar tökülmüş, şəhidlər verilib.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin, həmin ilin oktyabr ayının 18-də isə "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edildiyini nəzərə çatdıran Xidmət rəisi hələ buna qədər - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə muxtar respublikadan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsindən, milli dövlətçiliyin bərpası istiqamətində atılan qəti addımlardan danışıb: "1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi".Bildirilib ki, məhz Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoyulub. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail olunub. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin edib. Əsl müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət qurulub. Bütün bunlar isə böyük tarixi nailiyyətlərdir.

Xidmət rəisi A.Rəhimov daha sonra bildirmişdir ki, yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə mütərəqqi dövlət quruculuğuna start verilib, dövlətçiliyin başlıca prinsipləri formalaşdırılıb. Bu mənada, müstəqillik illərində digər sahələr kimi miqrasiya sahəsinə də xüsusi diqqətlə yanaşılıb. Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son beş –altı ildə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görüb. Dövlət başçısı, xüsusən də, regionlardan Bakıya və digər iri şəhərlərə yüksək axının - urbanizasiya prosesinin qarısının alınmasını ilk gündən iqtisadi siyasətdə mühüm prioritetlərdən biri kimi müəyyənləşdirib, sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin proporsional inkişafını vacib sayıb.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, "Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası", həmçinin "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" Prezident cənab İlham Əliyev tərəfindən atılan ilk uğurlu addımlardır. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlib, 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb.

Xidmət rəisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bütün hüquq-mühafizə orqanları kimi miqrasiya orqanları da öz inkişafının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoyub, hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb: "Bu gün dövlətimizin başçısının dəstəyi ilə miqrasiya orqanlarında davam etdirilən çox ciddi islahatların nəticəsidir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi bazası olan, yeni mükəmməl iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatıdır. Ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən Xidmət kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır. Bu gün miqrasiya orqanları insan hüquq və azadlıqlarının təmin edilməsinə, qanunçuluğun möhkəmləndirilməsinə və qanunsuz miqrasiya ilə mübarizəyə, miqrasiya proseslərinin tənzimlənməsinə, miqrasiya sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfələrini verməklə, həm də müstəqilliyimizin gücləndirilməsinə, respublikamızın demokratik inkişafına, xalqımıza və dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət edirlər."

Xidmət rəisinin müavini P.Musayev, idarə rəisi E.Vəliyev və digər çıxış edənlər Azərbaycanın müstəqillik tarixinə bir daha nəzər salaraq, Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qazanılması, möhkəmləndirilməsi və inkişafında misilsiz xidmətlərindən, həmçinin miqrasiya sahəsində əldə edilən nailiyyətlərdən söz açıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə