Yeni ildən metroda gediş haqqı bahalaşa bilərmi?

Yeni ildən metroda gediş haqqı bahalaşa bilərmi?
Yeni ildən Bakı Metropolitenində gediş haqqının qaldırılacağı ilə bağlı söz-söhbətlər dolaşır. Qeyd edək ki, hazırda metro bir sərnişinin daşınma tarifi amortizasiya ilə birlikdə 33 qəpik, amortizasiyasız isə 20 qəpik səviyyəsində qiymətləndirilir. Ona görə də, tarifin 15 qəpik olması metropoliteni qane etmir. Yeni ildən bu məbləğin 20 qəpiyə çatdırılacağı bu baxımdan labüd görünür.

Bakı Metropoliteni İdarəsinə müraciət etdik ki, məsələ ilə bağlı dəqiq bir fikir öyrənək. Qurumdan bildirildi ki, əgər yeni ildən gediş haqqının artırılması məsələsi gündəmə gələrsə, bu barədə təkliflər Tarif Şurasına göndəriləcək: "İndidən dəqiq fikir söyləmək çətindir". Metropolitendən o da bildirildi ki, hazırda metrodakı gediş haqqı çox ucuzdur və bir sərnişinin daşınması uçun bir necə dəfə artıq pul xərclənir: "Qiymətin qaldırılması həm də terminallarda pul qalığının qarşısını almaq baxımından sərfəlidir. Belə ki, hazırda terminallar 10, 20, 50 qəpikləri və 1, 5, 10 manatlıqları qəbul edir. Pul yuvarlaqlaşdırılsa, qalıq qalmaz.

Onu da deyək ki, Bakı Metropoliteni artıq bir neçə dəfə bu məsələ ilə bağlı Tarif Şurasına müraciət edib. Ancaq qurum bu təklifləri məqbul saymayıb. Hökumət xərclərin qarşılanması üçün çatışmayan məbləğin subsidiya hesabına ödənilməsini daha məqsədəuyğun hesab edib. Ancaq gediş haqları 15 qəpiyə qaldırılandan sonra Bakı Metropoliteninə dövlət büdcəsindən ayrılan subsidiyanın həcmi azalıb.

Məlumat uçun onu da deyək ki, Bakı metropolitenində qiymətlər digər ölkə metrosundakı qiymətlərdən xeyli ucuzdur. Belə ki, Rusiya metrosunda gediş haqqı 35, Gürcüstanda 19, Ukraynada 16, Belarusda 17, Türkiyədə 80 qəpikdir.

Dünyada ən bahalı metrosu isə Nyu-Yorkdadır. Orada istifadə haqqı 2 dollardır. Vaşinqtonda stansiyaların sayına görə, qiymətlər 1-2 dollar arasında dəyişir. ABŞ-ın başqa yerlərində isə gediş haqqı 1 dollar 25 sentdir. ABŞ-da və bəzi Avropa ölkələrində metrodan istifadə etmək uçun aylıq biletlər satılır. Vətəndaş həmin bileti əldə etdikdə metro xərclərində endirim edilir.

Nyu-Yorkda metroda gediş haqqı 2 dollar olsa da, aylıq çəkilən xərclər 200 dollara yaxındır. MDB ölkələrində isə metronun həm də bir ictimai yükü var. Ona görə də, MDB ölkələrində metrodan istifadə daha ucuzdur.


Bütün xəbərlər Facebook səhifəmizdə