Vüsal Quliyev: “Fransa yenə qeyri-konstruktivlik nümayiş etdirir, reallıqdan uzaqlaşır” - MÜSAHİBƏ
Politoloq Vüsal Quliyevin Səs TV-yə müsahibəsi:
- Vüsal müəllim, bildiyiniz kimi Fransa prezidenti Nikola Sarkozi Cənubi Qafqaza səfərinə Ermənistandan başlayıb. N. Sarkozi İrəvanda uydurma soyqırım abidəsini ziyarət edib. Eyni zamanda Türkiyəni təhdid edən bəyanatlar səsləndirib. Bildirib ki, Türkiyə erməni soyqırımını tanımasa bu ölkəyə qarşı ciddi tədbirlər görüləcək. Fransanın bu təhdidlərini nə dərəcədə ciddi qəbul etmək olar?
- Fransa prezidentinin bölgəyə səfəri çox maraqla izlənilir. Bu səfərdən Cənubi Qafqazda olan, eləcə də qonşuluqda yerləşən hər bir dövlət öz maraqları üçün istifadə etməyə çalışır. Türkiyə ilə bağlı N. Sarkozinin fikirlərinə gəlincə, qondarma erməni soyqırımını, həm Fransa, həm də bəzi Avropa dövlətlərində ara-sıra gündəmə gətirilən mövzudur. Türkiyə isə dəfələrlə təklif edib ki, tərəflərin, tarixçilərin birgə iştirakı ilə komissiya yaradılsın, arxivlər açılsın, araşdırmalar aparılsın. Sözsüz ki, bir çoxlarına məlumdur ki, bu soyqırımı uydurmadan başqa bir şey deyil. Sadəcə olaraq bir çox dövlətlər, qüvvələr var ki, bundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edirlər. Türkiyənin Cənubi Qafqazda, həmçinin ərəb ölkələri, Afrika dövlətləri arasında nüfuzunun artması Fransanın narahat edir və bu cür vasitələrlə təsir göstərməyə cəhd göstərirlər. Əlbəttə ki, Türkiyə qondarma soyqırımı tanımayacaq. Nüfuzlu bir Avropa dövlətinin başçısının isə qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi həm Türkiyə, həm də Azərbaycanı məyus edir, eyni zamanda təəccüb doğurur. Bu isə onu göstərir ki, Fransa yenə qeyri-konstruktivlik nümayiş etdirir, reallıqdan uzaqlaşır. Tarixi faktlara yox, deyilənlərə inanmaq istəyir.
- Sarkozinin Bakıya səfəri Azərbaycana nə verəcək?
- Fransa prezidentinin Cənubi Qafqaza səfərinə Ermənistandan başlamasına, orada səsləndirdiyi bəyanatlara diqqət yetirdikdə Dağlıq Qarabağ probleminin həlli məsələsinin səfər çərçivəsində daha qabardılacağı istisna olunmur. Hər halda biz Sarkozini münaqişənin həllinə hər hansı bir töhfə verəcək dövlət başçısı kimi görürük. Əgər Rusiya prezidenti Dmitri Medvedev daim bu məsələnin sülh yolu ilə həll olunmasına təşəbbüs göstərirsə, Fransa prezidenti də bu istiqamətdə addımlar atmalıdır. Fransa istənilən halda Azərbaycandakı iqtisadi maraqlarını nəzərə alaraq münaqişənin sülh yolu ilə həllində səylər göstərməli, Ermənistanı barışa dəvət etməli və bunun üçün lazım gələrsə təzyiq etməlidir. Çünki Azərbaycanda fransız şirkətləri var. Xüsusilə neft-qaz sektorunda aparıcı şirkətlərdən olan "Total"ı qeyd etmək lazımdır. Son vaxtlar isə Azərbaycanla Fransa arasındakı mədəni əlaqələrin də əhəmiyyətini vurğulamaq lazımdır.
- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər üçü zaman-zaman ermənipərəst mövqelərini ortaya qoyur və bu ölkəni açıq-aşkar dəstəklədiklərini nümayiş etdirirlər. Sizcə, bundan sonra münaqişənin həllində Minsk qrupundan müsbət mənada nə isə gözləmək olarmı?
- Ölkə Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, əgər Azərbaycan sülh yolu ilə Ermənistan tərəfində işğal edilmiş ərazilərini azad edə bilməsə, o zaman hərbi gücdən istifadə edəcək. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanda daxil olmaqla həmsədr ölkələr də münaqişənin hərbi yolla həllinə tərəfdar deyillər. Ancaq Azərbaycan 20-30 il bundan sonranı gözləyə bilməz və məsələ ən yaxın zamanda öz həllini tapmalıdır. Düzdür onlarda daim ermənipərəstlik müşahidə olunur, lakin burada Azərbaycanın getdikcə artan, güclənən iqtisadi-siyasi qüdrəti də nəzərə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB