Qərib Məmmədov: «Azərbaycanın o qədər torpağı yoxdur ki, bələdiyyələrə əlavə ərazilər ayrılsın»
Azərbaycanda bələdiyyələrə ayrılan torpaqların əhatə dairəsini artırmağa imkan yoxdur. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. Hazırda ölkədə 1 718 bələdiyyə fəaliyyət göstərir ki, onlara ölkə torpaqlarının 23,5%-i verilib, bunun da 19,6%-i özəlləşdirilib: "Xarici praktikaya nəzər yetirsək, görərik ki, bələdiyyələr onlara ayrılan torpaqlarda təsərrüfatlar yaradıb gəlir əldə edir. Lakin bizim bələdiyyələr torpaq alqı-satqısı ilə məşğuldur, bir qismini icarəyə verib".
Komitə sədri onu da bildirib ki, hazırda ölkədə 2,3 mln. hektar ərazi yaylaq-qışlaq torpaqları üçün verilib, 1,2 mln. hektarı meşə fondunun, 200 min hektarı su fondunun balansındadır: "Azərbaycanın o qədər torpağı yoxdur ki, bələdiyyələrə əlavə torpaq əraziləri ayrılsın". Məmmədov bildirib ki, ötən 20 ildə Azərbaycanda aqrar torpaq islahatları sahəsində 150-dən çox rəsmi sənəd qəbul olunub ki, bu da torpaq islahatlarına təkan verib: "İslahatlar indiyədək davam etdirilir".
Komitə sədrinin sözlərinə görə, ötən müddət ərzində 3,5 mln. subyektə - 875 min ailəyə torpaq sahəsi verilib: "Bu da 3,5 mln. həyətyanı sahə deməkdir. Bunlardan 2 mln.-dan çoxu komitə tərəfindən öyrənilib".
Q.Məmmədov qeyd edib ki, müstəqilliyin bərpasından sonra 232 kolxoz və sovxoz ləğv olunub, onlara məxsus torpaqlar əhaliyə paylanıb: "Bələdiyyələr yaradılanda onların sayı 2666 idisə, sonradan 2774-ə qədər artırılıb, daha sonra isə 1718-dək azaldılıb".
Komitə sədrinin dediyinə görə, ötən müddətdə sözügedən sahədə 8 mindən çox qanun pozuntusu aşkarlanıb, bunun 4 mindən çoxu aradan qaldırılıb, bir o qədər də inzibati cəza tətbiq olunub və dövlət büdcəsinə 10 min manat köçürülüb.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB