Turizm sektoru üzrə nümunəvi peşə standartları hazırlanacaq

Turizm sektoru üzrə nümunəvi peşə standartları hazırlanacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə həyata keçirdiyi Turizm Sektoru üzrə Sahə Komissiyasının ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclas "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində baş tutub.

Tədbirdə layihə rəhbərinin müavini cənab İlkin Nəzərov turizm sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi haqqında təqdimatla çıxış edib. Görüş zamanı turizm sektoru üzrə hazırlanan və müəssisələrlə yerli şəraitə uyğunlaşdırılan 12 nümunəvi peşə standartının (otel meneceri; konsyerj; təmizlik xidməti üzrə menecer; təsərrüfat işləri üzrə nəzarətçi; barmen; ekskursiya bələdçisi; səyahət xidmətləri, istehlakçılara xidmət və satış üzrə mütəxəssis; satış və marketinq üzrə mütəxəssis; VEB master; restoran rəhbəri; mədəniyyət və idman zallarının rəhbəri layihə variantı komissiya üzvlərinə rəy və təkliflərin verilməsi üçün təqdim edilib, 12 gün ərzində münasibət bildirmələri barədə razılığa gəlinib.

Tədbir çərçivəsində həmçinin, növbəti mərhələdə turizm sektoru üzrə hazırlanması nəzərdə tutulmuş 25 nümunəvi peşə standartının siyahısı da razılaşdırılmaq üçün komissiya üzvlərinə təqdim edilib. Görüş müzakirələr ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə