İlhamə Rəhimova: “Müasir müəllim yüksək intellektə sahib olmalıdır” - MÜSAHİBƏ

İlhamə Rəhimova: “Müasir müəllim yüksək intellektə sahib olmalıdır” - MÜSAHİBƏ

Bakı şəhər Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın müəllimi İlhamə Rəhimovanın Səs TV-yə müsahibəsi


- İlhamə xanım, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu gün Azərbaycan müəllimi özünün hansı uğurlarını əldə edib və onunla fəxr edir?

- Əvvəla 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Bildiyiniz kimi bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO imzalayıb - təşkilatda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.

Uğurlarımıza gəldikdə, 20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan dövləti, xalqı bu müddət ərzində təhsil sahəsində də kifayət qədər uğurlar qazanıb. Bizim məktəbləri bitirən məzunların səsi bu gün artıq nəinki ölkəmizin, eləcə də dünyanın ən tanınmış, aparıcı ali təhsil müəssisələrindən gəlir. Sözsüz ki, təhsilimizin inkişafında, qazanılan uğurlarda müəllimlərində əməyi, xidməti böyükdür.


- Dövlətin təhsilə, müəllimə göstərdiyi diqqəti, qayğını yetərli saymaq olarmı?

- Artıq bir neçə ildir ki, ən yaxşı məktəb və müəllim müsabiqəsi keçirilir. Müsabiqədə fərqlənən məktəblərə, eləcə də müəllimlərə mükafatlar verilir. Eyni zamanda təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən pedaqoqlarımız ölkə prezidenti İlham Əliyev tərəfindən fəxri adlara layiq görülür, onların əməyi yüksək qiymətləndirilir. Son vaxtlar yeni təhsil müəssisələri inşa olunur, bir çoxları əsaslı təmir edilir. Bu sahədə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanımın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Bu gün Azərbaycanın ucqar kəndlərində belə ən müasir standartlara cavab verən məktəblər tikilib və bu proses davam edir.


- Müasir müəllim necə olmalıdır?

- Hər bir müasir müəllim öz ixtisasını, tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı, yüksək intellektə sahib olmalı, kompyuterdən , internetdən istifadə etməyi bacarmalıdır. Çünki indiki uşaqlar mütəmadi internetdən istifadə edir, maraqlı bilgilər əldə edirlər.


- Bəlkə bir az müəllim-şagird münasibətlərindən danışaq?

- Biz azad, müasir ölkədə yaşayırıq. Şagirdlərimiz də müasirdir. Şagirdlə sərt, yüksək səs tonu ilə danışmaq düzgün deyil. Onları müəllimi bir az kobud dillə desək qəddar görmək istəmir, əksinə daha mülayim, qayğıkeş pedaqoq şagirdin rəğbətini, məhəbbətini qazanır. Müəllim şagirdlə, valideynlə dil tapmalıdır. Mən məktəbə hər dəfə eyni həvəslə, məhəbbətlə gəlirəm. Bu günə qədər nə şagirdlə, nə valideynlə heç bir problemim olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə