“Səs” qəzetinin redaksiyasında “Müstəqil Azərbaycan - 20” mövzusunda dəyirmi masa keçirilib

“Səs” qəzetinin redaksiyasında “Müstəqil Azərbaycan - 20” mövzusunda dəyirmi masa keçirilib

"Səs" qəzetinin redaksiyasında "Müstəqil Azərbaycan - 20" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev açıb. O bildirib ki, "Səs" qəzeti ölkə üçün tarixi əhəmiyyəti olan günlərlə bağlı, aktual məsələlərlə əlaqədar hər zaman tədbirlər, dəyirmi masalar təşkil edir və bu artıq ənənə halını alıb. Gündəmdə olan mövzu isə müasir, müstəqil Azərbaycanımızın 20 illiyidir. O gəncələrin müstəqilliyimizin 20 illiyi ilə bağlı müzakirələrdə aktiv iştirak edəcəklərinə ümid etdiyini bildirib və onlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən "Səs" qəzetinin şöbə müdiri İ.Əliyev müstəqilliyimizin ilk illərində ölkədə yaranan anarxiyadan, özbaşınalıqdan, kürsü uğrunda gedən mübarizədən və digər tarixi hadisələrdən söhbət açıb.

Dəyirmi masada Nəsimi Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Faiq Qurbanov, Yeni Azərbaycan Partiyasının gənc fəalları Rahil Şükürov, Lamiyə Cəlilova, Həmidağa Əliyev, Tünzalə Muradova və digərləri çıxış ediblər.

Tədbirdə müstəqilliyimizin əldə olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olunub.

Vurğulanıb ki, müstəqillik hər bir xalqın taleyinə yazılmayan nemətdir. Dünyada çoxlu sayda millət var ki, onların müstəqil dövlətləri yoxdur. Azərbaycan isə tarixdə ikinci dəfə 20 il əvvəl bu şansı əldə etdi. Müstəqilliyin qorunub saxlanılması, onun qazanılmasından qat-qat çətindir. 1993-cü ildə xalqımızın qanı bahasına qazanılan müstəqillik itirilmək təhlükəsi ilə üzləşdiyi zaman yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi nəinki qorudu, onu möhkəmləndirdi və inkişaf etdirdi.

Çıxışlarda bildirilib ki, mövcud siyasəti çox böyük uğurla davam etdirən prezident İlham Əliyev müstəqilliyimizin tarixində əsaslı nailiyyətlərə və uğurlara imza atıb. Bu gün Azərbaycan regionda ən qüdrətli dövlətdir. Bu müddət ərzində Azərbaycan demokratiya yolunda addım-addım irəliləyir. Artıq bir neçə mərhələni geridə qoymuşuq. Ölkənin iqtisadi cəhətdən inkişafı problemlərimizin həlli üçün də bir təkan olub. Bu inkişafın davamı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı addımlar atılıb, dövlət proqramları qəbul olunub. Bu proqramlar çərçivəsində Azərbaycan demək olar ki, tamamilə öz libasını dəyişib – biz yeni bir Azərbaycan qurmuşuq. Bu gün hər bir azərbaycanlı müstəqil dövlətimizin vətəndaşı olmağı ilə fəxr edə bilər.

Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına böyük inam ifadə olunub. Vurğulanıb ki, növbəti 20 il Azərbaycan üçün daha da uğurlu keçəcək. Bu illər ərzində müstəqil dövlətimizin bütün problemləri həllini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə