İlin sonuna kimi otellər lisenziyalaşdırılacaq

İlin sonuna kimi otellər lisenziyalaşdırılacaq

"Bu ilin axırına qədər Azərbaycanda dövlət lisenziyası əldə etməmiş turizm şirkətləri qalmamalıdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Nazir bildirib ki, bu istiqamətdə aparılan işlər davam etdirilir və müvafiq dövlət orqanlarına müraciət olunub. Eyni zamanda hazırda bununla bağlı yerlərdə monitorinqlər keçirilir: "Biz Ümumdünya turizm günündə keçirilən konfransda da demişdik ki, Azərbaycanda dövlət lisenziyası əldə etməmiş şirkətləri qalmamalıdır. Çalışacağıq verdiyimiz sözə əməl edək. Yəni ilin axırına qədər Azərbaycanda fəaliyyət göstərəcək bütün otellər artıq lisenziyalaşdırılacaq".


Ə. Qarayev ölkədə fəaliyyət göstərən otellərin keyfiyyət göstəricindən də danışıb: "Dünyada tətbiq olunan norma və standartlar var. Bu standartlar Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunub. Həmin normalara uyğun olaraq biz otellərin təsnifatının keçirilməsini təmin edirik. Bu vaxta qədər bu proses könüllü idi. Təsnifatını, ulduz dərəcəsini alıb-almaması otelin öz öhdəsinə qalırdı. Otellər məcburi qaydada yalnız lisenziya almalıdır. Lakin xidmətlərin keyfiyyətinin artırılması məqsədilə biz xüsusi təklif irəli sürmüşük və o, yeni qanun layihəsində öz əksini tapıb. Bu da ondan ibarətdir ki, Azərbaycanda standartlara uyğun olaraq ulduz dərəcəsi müəyyənləşsin və bununla da fəaliyyətdə olan otellərin hansı dərəcədə bu şərtlərə cavab verib verməməsi məlum olacaq\".


Nazir onu da bildirib ki, hazırda Azərbaycanda 470-dən artıq otel var. Ölkədə hər il 40-45 otel inşa olunur. Hazırda isə 42 otelin inşası davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə