Məktəbli forması istehsalı ilə məşğul olan tikiş sexi cərimə olunub

Məktəbli forması istehsalı ilə məşğul olan tikiş sexi cərimə olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları qanunsuz məktəbli forması istehsalı ilə bağlı Komitəyə daxil olmuş şikayət məktubu əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2B ünvanında yerləşən tikiş sexində dövlət nəzarəti tədbirləri həyata keçirib. Komitədən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, fiziki şəxs İradə Abbasovaya məxsus tikiş sexində normativ sənədi olmadan məktəbli forması istehsal olunur. Belə ki, tikiş sexinin rəhbəri hazır məhsulun olmadığını bildirsə də, sexə baxış zamanı I mərtəbədə müxtəlif ölçülərdə kəsilmiş 72 ədəd məktəbli formasının hissələri aşkar edilib.

Aşkar edilmiş qanun pozuntusu ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən protokol tərtib edilib, iki min manat məbləğində cərimə tətbiq edilib. Qərar icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinə göndərilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda məktəbli formalarının istehsalı ilə bağlı qüvvədə olan normativ texniki hüquqi akt "Bakı Tikiş Evi" ASC-yə məxsus texniki şərt TŞ AZ 119725-01-2011 "Məktəbli forması" (qüvvədə olma müddəti 30.04.2011-30.04.2012) adlanır. Azərbaycan Valideynlər Assosiasiyası ilə razılaşdırılmış adıçəkilən texniki şərt əsasında istehsal zamanı istifadə olunan üzlük və astarlıq parça nümunələrinin Komitənin Təcrübə-Sınaq Mərkəzində sınaqları aparılıb və məhsul normativ sənədin tələblərinə uyğun gəldiyi üçün sertifikatlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə