Vüqar Bayramlı: “Hazırda sıfır faizlə ipoteka kreditlərinin verilməsi əlverişli deyil” - MÜSAHİBƏ

Vüqar Bayramlı: “Hazırda sıfır faizlə ipoteka kreditlərinin verilməsi əlverişli deyil” - MÜSAHİBƏ

İqtisadçı ekspert Vüqar Bayramlının Səs TV-yə müsahibəsi:


- Vüqar müəllim, yüzlərlə gənc ailə ipoteka krediti ilə mənzil almaq ümidi ilə yaşayır. Kreditin verilmə şərtləri isə o qədər sərtdir ki, əksər gənc ailələr bundan istifadə edə bilmirlər. Niyə şərtlər sadələşdirilmir?

- İpoteka proqramı Azərbaycanda həyata keçirilən ən mühüm sosial proqramlardan biri olsa belə, ipoteka şərtləri bəzi hallarda vətəndaşların maraqlarına və gəlirlərinə uyğun deyil. İpoteka kreditlərinin verilməsi ilə bağlı ən böyük problemlərdən biri adi ipoteka kreditlərinin faiz dərəcəsinin yüksək olmasıdır. Adi ipoteka kreditləri 8 faizlə verilir. Bu isə o deməkdir ki, 50 min manatlıq adi ipoteka krediti götürən vətəndaş 25 il müddətində 130 min manatdan artıq vəsait ödəməlidir. Bu isə kifayət qədər yüksək məbləğdir. Digər məqam isə ondan ibarətdir ki, kreditə görə tələb olunan sənədlərin sayı çoxdur. Vətəndaş əksər hallarda 18 sənədi toplaya bilmir. Digər çətinlik isə ondan ibarətdir ki, ipoteka krediti ilə mənzil alarkən ilkin ödəniş, yəni mənzilin dəyərinin 20 faizi tələb olunur.

Ümumiyyətlə, bütövlükdə ipoteka sisteminin və kreditlərin verilməsinin özü müsbət haldır və bu mənzil alanların sayının nisbətən artmasına səbəb olur. Nəzərə alsaq ki, il ərzində təqribən 100 milyon manatlıq ipoteka krediti verilir və onun 14 milyon manatı dövlət büdcəsi hesabına maliyyələşən ipoteka kreditləridir ki, sosial ipoteka kreditləri kimi qiymətləndirilir. Dövlət büdcəsi hesabına verilən ipoteka kreditləri adi ipoteka kreditlərinə nisbətən daha aşağı faizlə təklif olunur. Kreditlərin verilməsi ilə bağlı olan əsas problemlərdən biri ipoteka kreditləşməsinin, fondunun maliyyə mənbələrinin məhdud olmasıdır. Baxmayaraq ki, ölkə prezidentinin 2005-ci ildə Azərbaycanda ipoteka sisteminin yaradılması və inkişafı haqqında imzaladığı sənəddə xüsusi qeyd olunur ki, Mərkəzi Bank ipoteka kreditləşməsinin, maliyyə mənbələrinin gücləndirilməsi, eləcə də bütövlükdə kreditləşmə sisteminin inkişafı üçün digər mənbələrdən, sığorta şirkətlərinin kreditlərin verilməsinə cəlb edilməsi yolu ilə maliyyə mənbələri genişləndirilməlidir. Amma çox təəssüf ki, İpoteka Fondu bununla bağlı əsaslı fəaliyyət həyata keçirə bilməyib.

- İpoteka kreditlərinin verilməsi şərtlərində dəyişikliklər gözlənilir. Bu zaman xarici ölkələrin və yaxud qonşu dövlətlərin təcrübəsindən istifadə oluna bilərmi?

- Qonşu ölkələrlə, xüsusilə Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanın ipoteka sistemi dəfələrlə inkişaf edib. Yəni bizim onlardan hər hansı bir götürəcəyimiz təcrübə yoxdur. Bununla belə MDB məkanında Rusiya və Qazaxıstanın ipoteka modellərindən istifadə etmək mümkündür. Nəzər alsaq ki, Rusiyada bu gün adi ipoteka kreditləri 3.5 faizlə təklif olunur və bu da orada yaşayan insanlara kreditlərdən yararlanmağa imkan yaradır. Pribaltika ölkələrindən Latviyanın bu sahədə kifayət qədər yaxşı təcrübəsi var. Düşünürəm ki, bütün hallarda yeni dəyişikliklərdən sonra bütün hallarda vətəndaşlarımız kifayət qədər sadə və asan şərtlərlə uzunmüddətli və aşağı faizlərlə kredit götürmək imkanı əldə edəcəklər.

- Sıfır faizli ipoteka kreditlərinin verilməsi məsələsi də gündəmə gətirilib. Sizin fikrinizcə bü mümkündürmü?

- Gənclər və İdman Nazirliyi sosial ipoteka kreditlərinin sıfır faizlə verilməsi ilə bağlı təkliflə çıxış edib. Bu Azərbaycanda hələ real deyil və bunun tətbiq edilməsi iqtisadi baxımdan doğru deyil. Əvvəla sosial ipoteka kreditləri dövlət büdcəsindən İpoteka Fonduna ayrılır, fond isə həmin vəsaitləri müvəkkil banklara yönəldir. Müvəkkil banklar vəsaitlərin bölüşdürülməsini həyata keçirir. Əgər kredit sıfır faizlə verirlərsə, o zaman bankın kreditlərin bölüşdürülməsində marağı olmayacaq. Çünki bütün hallarda kreditin müəyyən miqdarda faizi olmalıdır ki, bank həmin faizlərin bölüşdürülməsində maraqlı olsun. Hazırda sıfır faizli ipoteka kreditlərinin verilməsi əlverişli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə