İşsizlər üçün xəbər

\"Azərbaycanda Dövlət Məşğulluq İdarəsində rəsmi qeydiyyatda olan işsizlərin sayı 40 min nəfər, qeyri-rəsmi işsizlərin sayı isə 255 minə yaxındır\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov məlumat verib. O bildirib ki, bu da iqtisadi fəal əhalinin 5,5%-i deməkdir.

Ş.Xələfov deyib ki, bu ilin 7 ayı ərzində idarəyə 30 minə yaxın işsiz müraciət edib və onlardan 14 500-dən artıq insan işlə təmin edilib, 2 minə yaxını isə müvafiq kurslara göndərilib. Onun sözlərinə görə, bu il müraciət edənlər ötən ilə nisbətən artıb.

Ölkədə keçirilən əmək yarmarkaları barədə danışan rəis müavini qeyd edib ki, may ayından etibarən əmək yarmarkaları bütün respublikanı əhatə edib: "Bakı şəhərində isə hətta fevral ayından bu yarmarkaların tikilməsinə başlanıb. Əvvəlki illərdən fərqli olaraq bu il onların keçirilmə metodologiyası dəyişilib. Yarmarkada kütlə çox olduqda uzun müddət işsiz olan adamları nəzarətə ala bilmirik. Ona görə də hər rübdə rayon məşğulluq idarələri tərəfindən yarmarkalar keçirilir. Məqsəd isə uzun illər məşğulluqda qalmış işsizləri öz sahələri üzrə işlə təmin etməkdir. Bu cür yarmarkalar işsizlərin məşğulluğun təmin olunmasında daha çox əhəmiyyəti vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə