Sabir İbrahimov: “Son 20 ildə əldə etdiklərimiz qarşıdakı illərlə bağlı nikbin düşünməyə əsas verir” - MÜSAHİBƏ
Milli Azadlıq Hərəkatının fəallarından Sabir İbrahimovun Səs TV-yə müsahibəsi:
- Sabir müəllim, Azərbaycan xalqı, dövləti müstəqilliyinin 20 ilini qeyd etməyə hazırlaşır. 1991-ci ilin oktyabrın 18-i, müstəqilliyin əldə edildiyi gün tarixin dönüş nöqtəsi sayıla bilərmi?
- Əlbəttə ki, sayıla bilər. Həmin dövrdə milli azadlıq hərəkatına dəstək verən çox az sayda deputat var idi. Onların arasında ulu öndər Heydər Əliyev də var idi. Hətta həmin dövrdə ümummilli lider parlamentdə ölkə rəhbərliyinin səhv, səriştəsiz siyasətinə qarşı çıxışlar edərkən ona maneələr yaradırdılar, nitqinə imkan vermirdilər. Lakin bütün bu haqsızlıqlara, təzyiqlərə baxmayaraq Heydər Əliyev öz yolundan dönmürdü və insanların haqq səsini parlamentdə bəyan edirdi. Sonradan ulu öndərin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra özbaşınalıq aradan qaldırıldı, iqtisadi inkişaf özünü göstərməyə başladı. Əgər 18 oktyabr müstəqilliyin elan edildiyi gün idisə, Heydər Əliyevin yenidən ölkəyə rəhbər seçildiyi gün Azərbaycan tarixinin dönüş nöqtəsi idi.
- Bildiyimiz qədərilə siz həmin dövrün ictimai-siyasi hadisələrin şahidi və iştirakçısı olmusunuz.
- Ulu öndər Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri vəzifəsində çalışarkən ona qarşı ölkə rəhbərliyinin soyuq münasibəti hər fürsətdə hiss olunurdu. Hətta həmin dövrdə Naxçıvana getmək üçün çox böyük çətinliklərdən keçmək tələb olunurdu. Mən 4 ay boyunca fasiləsiz olaraq Naxçıvana, Heydər Əliyevə ölkədə, eləcə də xaricdə, xüsusilə Rusiyada çap olunan gündəlik qəzetlər göndərirdim.
Bu gün hamı inanır ki, ümummilli liderimizin dediyi kimi – Azərbaycanın müstəqilliyi daimi və dönməzdir. Heç bir xarici dövlət Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bunlar adi sözlər deyil. Birincisi, Azərbaycan artıq beynəlxalq hüququn tərkib hissəsinə çevrilib. Beynəlxalq hüquq hansısa ölkənin digər ölkəni işğal edib müstəqilliyini qəsb etməsinə imkan vermir. Digər tərəfdən, ikincisi, Azərbaycanın hərbi potensialı imkan verir ki, işğalçılıq niyyəti ilə torpaqlarımıza hücum edən istənilən dövlətin cavabını versin. Ən əsası isə Azərbaycan həm şimaldan, həm cənubdan torpaqlarımıza yönələn mənfur gözlərin, iti caynaqların qarşısında bütöv olaraq dura bilir. Azərbaycan xalqı torpaq, millət, dövlət, sərhəd və müstəqillik məsələsində tam monolitdir. Dövlətimiz istənilən məqamda xalqı səfərbər etmək imkanlarına malikdir. Son 20 ildə bununla bağlı əldə etdiklərimiz qarşıdakı illərlə bağlı nikbin düşünməyə əsas verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB