“Xəzər həftəsi” başa çatdı

“Xəzər həftəsi” başa çatdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 26–30 sentyabr 2011-ci il tarixlərində keçirilən "Xəzər həftəsi"nə yekun vuruldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında (Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində) vətəndaşların, yerli icra strukturlarının, qeyri-hökumət təşkilatlarının təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklər keçirilib, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınıb. Həmçinin, orta təhsil müəssisələrində "Mavi Xəzərimiz" mövzusunda lektoriyalar təşkil edilmiş, idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunmuş və dəyirmi masalar təşkil olunub. Keçirilən tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar verilmiş, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ edilib.
Eyni zamanda, Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Xıllı Nərə Balıqartırma zavodunda olublar.
Burada jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqlar nümayiş etdirilmiş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
"Beynəlxalq Dəniz Günü" ilə əlaqədar Nazirlik müvafiq Tədbirlər Planına uyğun olaraq "Xəzər həftəsi" çərçivəsində nəzərdə tutulan bütün tədbirləri başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə