Azərbaycan Gənclərinin VI Forumu çərçivəsində Bakı şəhər gənclərinə müraciət ünvanlandı

Azərbaycan Gənclərinin VI Forumu çərçivəsində Bakı şəhər gənclərinə müraciət ünvanlandı

"1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev torpaqlarının 20 faizindən çoxunun düşmən tərəfindən zəbt olunan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, iqtisadiyyatı pozulan, dövlətçiliyi dağıdılan bir ölkəni tərəqqi yoluna çıxartdı. Bu gün dövlətimizin nail olduğu iqtisadi artım sürəti, sosial sferada aparılan islahatlar, beynəlxalq aləmdə nüfuzumuzun nəzərə çarpan artımı, mürəkkəb geosiyasi vəziyyətdə stabillik təmin edən xoşməramlılıq siyasəti biz gənclər üçun xüsusi əhəmiyyət kəsb edir. Sivilizasiyalar arasında Azərbaycanın özünəməxsus yerinin möhkəmləndirilməsi hər birimizin təhsildə, elmdə, ictimai həyatda, istehsalatda, hərbi xidmətdə, sənayedə, sahibkarlıqda və digər sahələrdə tutduğu fəal mövqedən asılıdır". SİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Gənclərinin VI Forumu çərçivəsində keçirilən Bakı şəhər gənclərinin zona toplantısında paytaxt gənclərinə ünvanlanan müraciətdə öz əksini tapıb.

Bakı şəhər gənclərinin zona toplantısında ilk olaraq tədbirin gündəliyi elan olunub və katiblər seçilib. Tədbirdə çıxış edən Bakı Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan gənclərinin V forumundan keçən dövr ərzində şəhər və rayonlarda keçirilən tədbirlər və respublikanın sosial iqtisadi həyatına gənclərin cəlb olunması, onlara bu sahədə olan qayğı və problemlərin həlli istiqamətində görülən işləri haqqında hesabat məruzə ilə çıxış edib. Gənclər forumunun ilk dəfə olaraq 1996-cı ildə keçirildiyini deyən idarə rəisinin sözlərinə görə, həmin dövrdən bu yana gənclərin inkişafı ilə bağlı mühüm qərarlar verilib, qanunlar qəbul edilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində dövlətin gənclər və idman siyasətini həyata keçirən qanunların tətbiq edildiyini deyən R.Abbasov 15 il ərzində Azərbaycan gəncliyinin inkişaf etdiyini, beynəlxalq əlaqələrin gücləndiyini, gənclərin dövlətin əsas və prioritet qüvvəsinə çevrildiyini vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, ötən 15 il ərzində gənclərlə iş sahəsində böyük uğurlar əldə edilib və mühüm addımlar atılıb: "Bu konfransların keçirilməsi ilə gənclər öz fikirlərini bildirir, tövsiyyələr verir və qarşılıqlı fikir mübadiləsi aparırlar. Gənclərin VI forumuna hazırlıq işləri görülür və bu məqsədlə də müxtəlif rayon və şəhərlərdə toplantılar keçirilir. Bundan əlavə, gənclərin V forumundan sonra isə transmilli islahatlar, layihələr çərçivəsində mühüm işlər icra olunur".

Tədbirin sonunda Azərbaycan Gənclərinin VI Forumuna nümayəndələr seçilib, Bakı şəhər gənclərinin zona toplantısının qətnaməsi qəbul edilib və toplantı iştirakçıları adından Bakı şəhər gənclərinə müraciət ünvanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə