“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir”

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir”

Bu gün Azərbaycan milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli sərəncamının icrası məqsədilə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib. 1918-ci il mayın 28-də qurulan Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərdiyini deyən M.Kərimov bildirib ki, xalq 1991-ci ilin oktyabrın 18-də ikinci dəfə dövlət müstəqilliyini elan edib, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyin itirilməsi təhlükəsinin aradan qaldırılıb və Azərbaycanın tarixi dövlətçiliyinin bərpa edərək möhkəmləndirib: "Ötən 20 illik müddətdə keçdiyimiz yollardan danışanda 70 il kommunist ideologiyası çərçivəsində, "sosializm realizmi" deyilən bir metodu işləməyə məcbur olmuş ədəbiyyatçılarımız bu çərçivədən çıxaraq, milli konsepsiyaya, xalqın arzu və iradəsinə uyğun yeni yaradıcılıq uğurları əldə ediblər. XX yüzilliyin əvvəllərində, 1918-ci ildə Azərbaycanda Şərqdə və türk dünyasında ilk dəfə olaraq respublika yaranıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi dövlətçiliyin bərpası yolunda atılan addım idi. Amma xarici müdaxilənin təsiri ilə Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində süquta uğrayıb. 1988-ci ildən başlayan erməni təcavüzü, 20 Yanvar, Xocalı faciələri Azərbaycan xalqını müstəqillik istəyindən döndərə bilməyib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi istiqamətində ciddi addımların atılmasına səbəb olub. Heydər Əliyevin səyi ilə Ermənistanla atəşkəs imzalanıb, xarici siyasətdə uğurlar əldə edilib, Azərbaycanın yeni dövlət neft strategiyası yaranıb. Bunun nəticəsidir ki, hazırda Azərbaycan uğurla inkişaf edir. Bu gün 20 illik müstəqillik bayramını qeyd etmək çox qürurvericidir".

Tədbirin davamında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu qeyd edərək müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda təhsil sahəsində əldə edilmiş nailiyyətlər haqqında söhbət açıb. O bildirib ki, ötən illər ərzində təhsil sahəsində köklü dəyişikliklər və yeniləşmələr baş verib, belə ki, mövcud qaydalar təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar yaradılıb. Q.Novruzov həmçinin, müstəqillik əldə olunduqdan sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində yaradılan əməkdaşlıq əlaqələrindən də söhbət açıb.

Daha sonra çıxış edən AMEA Tarix institunun direktoru Yaqub Mahmudov Azərbaycanın bu illər ərzində keçdiyi tarixi yola nəzər salıb və ətraflı məlumat verib.

Konfrans çərçivəsində gürcü tarixçisi Quram Marxuliyanın "Ermənilər Ermənistan axtarışında", türk tarixçisi Mehmet Sarayın "Quzey və Güney Azərbaycan türklərinin tarixi" kitablarının təqdimatı keçirilib və hər iki tarixçiyə Tarix İnstitutunun fəxri doktoru diplomu verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə