Yeni Azərbaycan tarixi təzədən yazılacaq

Yeni Azərbaycan tarixi təzədən yazılacaq

\"Hazırda yeni Azərbaycan tarixinin konsepsiyası hazırlanır. Elm Fondunun elan etdiyi müsabiqədə Tarix İnstitutu qalib gəlib və konsepsiyanın hazırlanması istiqamətində iş gedir. Bu təmamilə yeni bir Azərbaycan tarixi olacaq\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov məlumat verib. O bildirib ki, bu, Azərbaycan tarixini təhriflərdən xilas edəcək. Onun sözlərinə görə, keçmiş Azərbaycan tarixi Arazdan şimaldakı, indiki Azərbaycan Respublikasının əhatə etdiyi ölkənin ərazisini əhatə edib.

"Azərbaycan isə çox böyük səltənətdir. Bizim böyük imperiyalarımız olub, çoxlu tarixi torpaqlarımız işğal edilib. Ona görə də Azərbaycan xalqı öz tarixinin sahibidir. Biz heç kəsdən ərazi istəmirik. Öz tarixinin sahibi olmayan xalq məhvə məhkumdur. İndiyə kimi indiki Ermənistan Respublikasının, keçmiş İrəvan xanlığının ərazisini Azərbaycan tarixinə salmadığımıza görə, o tarixi ermənilər özəlləşdirirlər. Halbuki onlar 80 il əvvəl Rusiya İmperiyası tərəfindən köçürülərək bu torpaqlara gətirilib. Azərbaycanın şimalda və qərbdə xeyli torpaqları zəbt olunub. Cənubi Azərbaycanın tarixi də çox qədimdir. Xalqımızın əhatə elədiyi keçmiş tarixi biz 3 cildlik "Azərbaycan tarixi"ndə əhatə edəcəyik. Eyni zamanda, Azərbaycan qüdrətimizin, tarixin elə səhifələri olub ki, onun üstündən keçiblər. Biz isə 5000 illik tarixi olan xalq kimi öz tariximizi yazmalıyıq. Bu 3 cildlik üzərində iş gedir. Konsepsiya demək olar ki, hazırdır. Ermənilər hazırda Naxçıvan ərazi iddiasına qalxıblar. Bu gün 2 cildlik "Naxçıvan tarixi" kitabı hazırlanıb. "Qarabağ tarixi" 6 dilə tərcümə edilərək yayılıb. Tariximizin itirilmiş, unutdurulmuş, saxtalaşdırılmış səhifələrini əhatə edən 3 cildlik "Azərbaycan tarixi" yaxın üç-dörd il ərzində hazır olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə