Şamaxı rəsədxanasında bir gün-REPORTAJ

Şamaxı rəsədxanasında bir gün-REPORTAJ
Kainat, səma cisimləri, ulduzlar daima insanları öz sirliliyi, müəmması ilə özünə çəkir, maraqda saxlayır. Hələ qədim zamanlardan bir çox alimlər, astroloqlar bu sirləri açmağa çalışsalar da tam olaraq kainatın sirrini öyrənən olmayıb.

Ulduzların bilinməyən tərəflərini aşkara çıxarmaq məqsədilə dünyanın müxtəlif ölkələrində rəsədxanalar yaradılıb. Bir əsrdir Şamaxıda fəaliyyət göstərən rəsədxana da kainatın sirlərini öyrədir.
Şamaxı Rəsədxanasına səfərimiz zamanı burada görülən işlər, nailiyyətlər haqda məlumat aldıq. Rəsədxana ərazisində bir necə yerdə kümbəz var. Göy cisimlərinin izlənməsi üçün istifadə olunan avadanlıq quraşdırılan ən böyük kümbəzə daxil olduq. Nəhəng avadanlığın yerləşdiyi böyük bir məkan qaranlıqdır. Ulduzlara baxmaq istəyi ilə nəhəng qurğuya yaxınlaşırıq. Ancaq rəsədxananın əməkdaşları bildirir ki, hava işıqlı olduğundan ulduzlar görünmür: \"Yer kürəsində elə bir teleskop yoxdur ki, ulduzları gündüz görə bilsin. Müşahidələr yalnız axşamlar, təmiz və buludsuz hava şəraitində aparılır".
Ulduzları izləməyimiz mümkün olmasa da rəsədxana işçiləri qurğunu hərəkətə gətirdilər. Hərəkətə gələn nəhəng teleskop kümbəzin yavaş-yavaş aralanan tavanı arasından səmanı seyr etməyə imkan yaradır.



Müşahidələr 6 teleskopla aparılır



Teleskop üzrə mühəndis Müşfiq Hüseynov bildirdi ki, rəsədxanada 6 ədəd teleskop var: \"İndi gördüyünüz onların içərisində ən böyük həcmə malik olanıdır. Diametri 2 metrdir. Güzgü ağ borunun aşağı hissəsində yerləşir. Güzgünün qalınlığı 40 sm, çəkisi 3 ton yarımdır. Bütöv hissə isə gördüyünüz teleskopun balansıdır. Göy hissəsi isə tarazlıq yaratmaq üçün çəki daşıdır. Teleskopla balans birgə 85 tondur. 85 tonluq teleskop betona bərkidilib. Teleskop iki istiqamətdə fırlanır. Qeyd edim ki, teleskop dünya oxuna paralel və ona perpendikulyar fırlanır. Yer oxu istiqamətində fırlananda teleskopla balans birgə fırlanır. Yerin əksinə fırlananda isə balans olduğu kimi yerində qalır, təkcə teleskop fırlanır. Teleskopun qülləsi də sağa və sola dairəvi olaraq 360 dərəcə fırlanır. Bunun çəkisi 200 tondur.
Teleskop müşahidə aparmaq üçün kümbəzin açılan hissədən yuxarı tuşlanır. Birinci müşahidə məntəqəsi baş korpus adlanır və burada müşahidələr uç hissəsindən aparılır".
Mütəxəssislərin teleskopa yaxınlaşmaq üçün xüsusi kabinalardan istifadə olunur. İdarəetmə pultu vasitəsi ilə mütəxəssislər teleskopa yaxınlaşaraq xüsusi avadanlıqlarla müşahidə aparırlar. M. Hüseynov bildirdi ki, teleskopla gözə görünməyən zəif ulduzlara baxılır. İkinci sistem vasitəsi ilə isə nisbətən parlaq ulduzlar müşahidə olunur. Üçüncü sistemdə isə oxun içərisinə xırda güzgülər quraşdırılıb. Həmin güzgülər vasitəsilə ulduzdan gələn işıq seli orada yerləşən xüsusi cihazların içərisinə düşür və bununla da ulduzların sektoruna baxılır. Qeyd edim ki, tezliklə teleskopun tam avtomatlaşdırılması nəzərdə tutulur. Bunun üçün müasir CD fotokameralar alınacaq ki, teleskopu uzaqdan idarə etmək mümkün olacaq.

Mühəndis onu da bildirdi ki, axşamlar buludsuz havada teleskopu hərəkətə gətirərək səmada istənilən nöqtəyə tuşlamaq olar: \"Teleskop rəsədxanaya hissələrlə 1964-cü ildə gətirilib. 2 il ərzində bu hissələr quraşdırılıb və 1966-cı ildə istifadəyə verilib. İkimetrlik teleskop almanların məşhur \"Karl Zeiss\" optik firmasının məhsuludur və bundan dünyada cəmi 4 dənədir. Onlardan biri Almaniyada, Bolqariyada, Çexiyada və Azərbaycandadır.
Dünyanın bir çox ölkəsində teleskoplar olsa da, bizdə olan teleskopun özəllikləri var. Bizim teleskopu fərqlənən cəhətlərindən biri güzgüsünün şəffaflığı, effektliyi, güzgüsünün səthinin cilalanması və güzgünün içərisində hava boşluğunun az olmasıdır. Bu teleskop hazırda bütün müsəlman ölkələrində, şərq dünyasında keyfiyyətinə görə birincidir".


Marsda kraterlərdən biri azərbaycanlı alimin adını daşıyır


Mütəxəssis bildirdi ki, rəsədxanada dünya əhəmiyyətli bir çox kəşflər olub: \"Burada alimlər müxtəlif sahələrdə çalışırlar. Elə elmi işçilər var ki, yalnız ulduzları öyrənir, eləsi var ki, planetləri, qalaktikaları müşahidə edir. Ən mükəmməl kəşflərdən biri isə mərhum alimimiz Nadir İbrahimovun adı ilə bağlıdır. O, uzun müddət teleskopda çalışıb və bu teleskopla Mars planetinin 2000-dən çox fotoşəkilini çəkib. Bir neçə illər ərzində bizə görünən hissəsinin müxtəlif sahələrini çəkən N. İbrahimov planetin bizə görünməyən hissəsinin şəkillər əsasında xəritəsini tərtib edib. Vaxtilə ruslar ona ciddi yanaşmasalar da, 80-cı illərin əvvəllərində amerikalılar Yupiter planetinə peyk göndərən zaman Marsın yaxınlığından keçərkən avtomatik şəkillər çəkib yerə göndəriblər. Bu şəkilləri N. İbrahimovun şəkilləri ilə tutuşdurduqda görüblər ki, hamısı düz olmasa da çoxusu üst-üstə düşür. Ondan sonra onun işləri qiymətləndirib. Marsda kraterlərdən birinə Nadir İbrahimovun adını veriblər\".

M. Hüseynov əlavə etdi ki, Şamaxı rəsədxanası ilə bir neçə ölkə əməkdaşlıq edir: "Bəzi ölkələrin alimləri buraya gələrək, müşahidə aparırlar. Biz də öz növbəmizdə Rusiya, Gürcüstan, Ukrayna, Almaniya və başqa ölkələrlə elmi əlaqələr saxlayır, xarici alimlərlə müşahidələr aparırıq. Onu da deyim ki, iki ilə yaxın bir müddətdə ətraf abadlaşacaq rəsədxanaya yeni avadanlıqlar gətiriləcək. Bundan sonra rəsədxana elmi işlərin aparılması üçün daha yaxşı şərait yaranacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə