Mətbuatda reket məsələsi təkcə jurnalistikanın deyil, eyni zamanda cəmiyyətin problemidir. Yəni bəzi insanlar mətbuatı bir dolanışıq vasitəsi kimi görürlər. Gerçəkdən bu yalnız medianın problemi deyil, həmçinin cəmiyyəti düşündürməli olan məsələdir. Reket jurnalistikasından təkcə imkanlı şəxslər, şantaja məruz qalan insanlar deyil, həmçinin azdan -çoxdan müstəqilliyini qoruyan, bütün təbəqələrlə normal münasibətdə olan, ən əsası obyektiv informasiya çatdıran mətbuat zərər çəkdi. Belə fəaliyyətlə məşğul olan şəxslərin mətbuata dəxli olmasa da, jurnalistikada mənfi imic formalaşdırdılar.
Zaman keçdikcə, bu problem kökündən çözüləcək, ancaq əsas məsələ ondadır ki, jurnalistikaya dəyən zərbənin təsiri hələ uzun zaman hiss olunacaq.
Təbii ki, "Xural" başda olmaqla, belə xoşagəlməz qəzetçilik ənənələri ümumilikdə jurnalistikanın dəyərsizləşməsinə səbəb olur. Başqa tərəfdən, media ilə cəmiyyətin bir çox təbəqələri arasında psixoloji baryer yarandı. Bu xoşagəlməzliklər həmçinin müxtəlif mənbələrdən informasiya almaq istəyən jurnalistlərin işini çətinə saldı. İnformasiyanı verməyə borclu olan bəzi şəxslər düşünür ki, hər məlumat almaq istəyən media təmsilçisinin umacağı var. Bu mənfi tendensiya təəssüf ki, dərinləşib.
Vaxtında münbit şəraitdən, \"KİV haqqında qanun\"un liberallığından pis mənada faydalanan bəzi şəxslər öz qəzetlərini qeydiyyatdan keçirərək, belə \" jurnalistikanı\" şaxələndirməyə nail oldular. Hüquqda isə bir xəta anlayışı bir də cinayət anlayışı mövcuddur. Qanuna görə, xətada müəyyən məbləğdə cərimələrin ödənilməsi nəzərdə tutulur. Cinayətdə isə hadisənin törədilməsindən, dəymiş zərərin dərəcəsindən asılı olaraq məsələ mürəkkəbləşir, məsuliyyət artır.
\"Reket qəzetlər\"in fəaliyyətinə, coğrafiyasına nəzər saldıqda aydın görünür ki, bütün bunlar cinayətə daha çox oxşayır. Əgər cinayət faktı mövcuddursa, onda qanun çərçivəsində cəza mütləq tətbiq olunmalıdır. Deməli, qanunsuz fəaliyyətlə məşğul olan belə şəxslərin məsələsi qanun çərçivəsində hüquq mühafizə orqanları tərəfindən həll olunmalıdır.
Reketçiliyin qarşısının alınması istiqamətində isə ictimai qınaq ən yaxşı təcrübədir. Ancaq bu faktor da şaxələnmiş hüquq pozuntularının aradan qaldırılmasında o qədər də effektli vasitə sayıla bilməz. Deməli, jurnalistikada \"reketçiliyi\" ictimai qınaqla və yaxud maarifləndirmə işi aparmaqla azaltmaq mümkün deyil. Bu məsələdə kompleks yanaşma tələb olunur. Çünki media cəmiyyətin tərkib hissəsidir . Yəqin ki, "Xural" qəzeti də boş yerə "mübarizə" aparmaq yerinə, öz gələcək taleyi haqqında daha ətraflı düşünməyə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB