Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru Rikarda Msfallsı və BƏT-in İşdə fundamental prinsiplər və hüquqlar üzrə proqram direktoru Kamran Fənnizadə ilə görüşüb. SİA-nın xəbərinə görə, qonaqlar "Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr" mövzusunda Bakıda keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizə gəliblər.
Görüş zamanı nazir Fizuli Ələkbərov vətəndaşların iş yerləri ilə təminatının dövlət siyasətinin prioritetlərindən biri olduğunu və son 7 ildə ölkədə 900 mindən artıq iş yerinin yaradıldığını deyib. O bildirib ki, hazırda modern inkişaf mərhələsində olan Azərbaycan üçün yeni hədəf - mövcud əmək potensialının iqtisadi tərəqqiyə uyğun olaraq keyfiyyətcə yüksəldilməsi və eyni zamanda layiqli əməyin təminatıdır. Bu məqsədə doğru konkret addımların atılmasında sosial tərəfdaşlarla əməkdaşlıq, üçtərəfli dialoqun həyata keçirilməsi mühüm rol oynayır.
Rikarda Msfalls keçiriləcək konfransın milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin daha fəal iştirakı, həmin şirkətlərlə sistemli şəkildə sosial dialoqun inkişafı üçün effektli üsulların müəyyən edilməsi istiqamətində ilk və həmçinin uğurlu bir addım olacağını, bu sahədə BƏT-in bütün lazımi dəstəyi göstərəcəyini bildirib. Kamran Fənnizadə Azərbaycanı hazırda BƏT-in önəmli üzvlərindən biri, həmçinin bu təşkilatın konvensiyalarının ratifikasiyası üzrə ən yaxşı göstəricilərə malik proqressiv bir ölkə kimi dəyərləndirib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB