Medvedevin Azərbaycana səfəri çərçivəsində bir sıra saziş layihələri imzalanacaq

Medvedevin Azərbaycana səfəri çərçivəsində bir sıra saziş layihələri imzalanacaq

"Hazırda Azərbaycanla-Rusiya arasında iqtisadi münasibətlər dinamik inkişaf edir. İkitərəfli iqtisadi əlaqələr böhrandan sonrakı təsirdən tam çıxıb. Cari ilin yanvar-avqust aylarındakı statistik məlumatları ikitərəfli iqtisadi əlaqələrdə ixrac və idxalın həcminin artdığını göstərir". SİA-nın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, Azərbaycandan Rusiyaya ixracda qida, maşın, avadanlıq, nəqliyyat vasitələri,qara və əlvan metallurgiya, elektrik enerjisi, kimyəvi məhsullar təşkil edir.Y.Şedrin vurğulayıb ki, ikitərəfli münasibətlərin sürətlə inkişaf etməsində yanacaq-enerji sahəsi xüsusi rol oynayır.

"Müvafiq razılaşmaya əsasən Rusiya Azərbaycandan təbii qaz idxal edir. Təbii qaz idxalının ilin sonuna kimi 2 milyard kubmetrə çatacağı gözlənilir. Bu qazın əksər hissəsi Dağıstan əhalisinin ehtiyaclarını ödəməyə yönəlir. Rusiya Azərbaycanın tədarük etməyə qadir olduğu istənilən həcmdə qazı qəbul etməyə hazırdır. Hazırki qazın qiymətləri hər iki tərəfi qane edir. Bu ilin yekunları üzrə Azərbaycandan Rusiyaya iki milyard kubmetr qaz tədarük olunacaq. Səkkiz ay ərzində Bakı-Novorossiysk borub kəməri ilə artıq 1,3 milyon ton neft ötürülüb", - deyə o qeyd edib.

Y.Şedrin qeyd edib ki, gələn ayın əvvəlində Rusiya baş nazirinin müavini və prezidentin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Azərbaycana gələcək.Onun sözlərinə görə, A.Xloponini səfər çərçivəsində Şimali Qafqaz respublikalarını təmsil edən rəsmi şəxslər və işgüzar dairələrin nümayəndələri müşayiət edəcək: "Bu səfər zamanı Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında əməkdaşlığa dair 3-4 sazişin imzalanması nəzərdə tutulur. Bu ziyarət iki tərəf arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə səbəb verəcək".

Daha sonra Y.Şedrin Rusiya prezidentinin Azərbaycana səfəri məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda Dmitri Medvedevin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı bir sıra saziş layihələri üzərində iş aparılır. Onun sözlərinə görə, enerji sistemlərinin paralel fəaliyyəti, əmək miqrasiyası, humanitar sahədə əməkdaşlıq sahələrini əhatə etdiyi bu sazişlərin Rusiya prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə