GUAM-ın baş katibi təşkilatın növbəti Parlament Assambleyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib

GUAM-ın baş katibi təşkilatın növbəti Parlament Assambleyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib

Bu gün Moldova Respublikasının (MR) Prezidenti vəzifəsini icra edən Marian Lupu Ukraynaya işgüzar səfəri çərçivəsində GUAM-ın Katibliyində olub.

GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin verdiyi müsahibədə bildirdiyinə görə, bu görüşdə qeyd edilib ki, 2011-ci ildə GUAM-ın iştirakçısı olan dövlətlərin daxili əmtəə dövriyyəsi təqribən 20 faiz artacaq və təxminən 4,5 milyard ABŞ dollarına çatacaq.

Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilatın – GUAM-ın baş katibi həmçinin Moldova dövlətinin başçısı vəzifəsinin icraçısına təşkilatın inkişaf perspektivləri barədə məlumat verib. GUAM-ın əməkdaşlıq layihələrinin və proqramlarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Bununla əlaqədar V.Çeçelaşvili həmsöhbətinə məlumat verib ki, cari ilin sonunadək GUAM-ın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə Virtual mərkəzinin kriptoqrafik mühafizə sistemi işə salınacaqdır.

Həmçinin ilin axırınadək təşkilatın iştirakçısı olan dövlətlərdə nəqliyyatın inkişafı üçün məsul olan idarələrin rəhbərləri səviyyəsində GUAM-ın nəqliyyat tranzit dəhlizi konsepsiyasını təsdiq etmək nəzərdə tutulub.

Baş katib GUAM-ın növbəti Parlament Assambleyasının oktyabrın 10-11-də Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib və ümidvar olduğunu bildirib ki, MR Parlamentinin nümayəndə heyəti Assambleyada fəal iştirak edəcəkdir.

MR-in prezidenti vəzifəsinin icraçısı GUAM formatında əməkdaşlığın inkişafına kömək göstərəcəyini vəd edib.

GUAM-ın Kiyevdəki iqamətgahında M.Lupunun Ukraynadakı moldav diasporasının nümayəndələri ilə görüşü olub.


Bütün xəbərlər Facebook səhifəmizdə