Azərbaycan və Moldova ombudsmanları arasında ikitərəfli müqavilə imzalanıb
Bu günlərdə Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində "BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyası: imkanları məhdud olan insanlar üçün reallıq və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, Avropa Şurasının (AŞ) və Avropa Birliyinin (AB) "Moldova Respublikasında demokratiyanın dəstəklənməsi" adlı birgə proqramı çərçivəsində təşkil olunan tədbirə Moldova Respublikasının Parlament Ombudsmanları, Rusiya Federasiyasının Moskva, Saratov və Sverdlovsk vilayətlərinin İnsan hüquqları üzrə müvəkkilləri, Sloveniya, Polşa, Ruminya, Yunanıstan və Fransanın Ombudsman təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış mütəxəssislər, nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin təmsilçiləri qatılıblar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu beynəlxalq toplantıda iştirak edib.
E.Süleymanova konfransda "İmkanları məhdud olan insanların hüquqlarının müdafiəsində Azərbaycan Ombudsmanının fəaliyyəti: müsbət təcrübə" mövzusunda çıxış edib. O, dünyada 650 milyon əlilin olduğunu, bu kateqoriyadan olan insanların xüsusi qayğı ilə əhatə edilməsinin vacibliyini, təmsil etdiyi Azərbaycan Respublikasında əhalinin bu qrupunun da hüquqlarının təmininin, problemlərinin həllinin diqqətdə saxlandığını vurğulayıb.
Konfransın davam etdiyi günlərdə Azərbaycan və Moldova ombudsmanlar institutları arasında insan hüquqlarının müdafiəsi üzrə ikitərəfli müqavilə imzalanıb. Həmin müqavilənin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının bu ölkənin ərazisində, müqavilənin tərəfi olan ölkənin vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barəsində təsisatların bir-birini vaxtında məlumatlandırması, onların bərpa edilməsinə öz səlahiyyətləri daxilində yardım göstərilməsidir. İmzalama mərasimində konfrans iştirakçıları ilə yanaşı, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev də iştirak edib.
Sonra konfrans iştirakçıları Moldova Respublikasının Parlament sədri, bu respublikanın Prezidenti səlahiyyətlərini icra edən Marian Lupu ilə görüşüblər. O, görüş zamanı ölkədə imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat verib, iştirakçılara Moldovada ilk dəfə belə geniş miqyasda keçirilmiş tədbirə qatıldıqları üçün təşəkkür edib. İştirakçılar habelə Moldova Respublikasının Konstitutsiya Məhkəməsinin sədri D.Pulbere ilə görüşüblə. Konfrans iştirakçıları səfər çərçivəsində Respublika Protez-Ortopedik Eksperimantal Reabilitasiya Mərkəzinə baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB