Beynəlxalq Sülh Günü qeyd olundu

Beynəlxalq Sülh Günü qeyd olundu

Dayanıqlı inkişaf və sülhün təmin edilməsi üçün sağlam, təhsilli və mədəni gənc nəslin formalaşması çox vacibdir. Məhz buna görə BMT hər ilin sentyabr ayının 21-ni Beynəlxalq Sülh Günü kimi qeyd edir. Məhz sentyabr ayının bu günü insanlara, böyüməkdə olan nəslə, təbiətə məhəbbətin aşılanması üçün bir sıra tədbirlər keçirilir.

Bütün bunları və ətraf mühitə dair digər bilgilərin, ekoloji məsuliyyət anlayışının, canlı aləmlə insanın sıx bağlı olması hissinin formalaşdırılmasının sülh üçün əsas komponentlərdən olduğunu nəzərə alaraq "ELS" Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri ilə birgə Beynəlxalq Sülh Gününü qeyd edib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Dövlət Neft Şirkətinin "Ekoloji təbliğat və sosial məsələlər idarəsi" nin şöbə rəisi Füzuli Haciyev, BMT-nin YUNESKO üzrə milli komisiyasının sədri Ramil Əliyev, BMT-nin "Gənclərin və yeniyetmələrin inkişaf proqramı"nın rəhbəri Natiq Umarov, Mədəniyyət nazirliyinin nümayəndəsi Səid Haciyev, Təhsil Nazirliyini nümayəndəsi Şərafət Şirinli və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, media işçiləri də iştirak edirdi.
Tədbir həmin uşaq evlərinin 7-9 sinif şagirdlərinin yeni açılmış Ekoloji Parka ekskursiyası ilə başladı. Məqsəd şagirdləri yeni açılmış parkla tanış etmək və onlarda ətraf aləmə sevgini aşılamaq üçün həmin parkda ağac əkmə mərasimini keçirmək idi. Tədbiri ilk öncə Yaşıllaşdırma Departamentinin sədri
Sadiq Kərimov açdı və jurnalistlərin suallarını cavablandırdı:

- Parkın elektrik enerjisinə olan tələbatının azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur. Həmçinin, parkın ərazisində hər biri 10 kilovat-saat enerji hasil etmək üçün 4 külək generatoru, eləcə də ümumi gücü 20 kilovat-saat olan günəş batareyaları quraşdırılıb. Alternativ enerji mənbələrinin hesabına hasil olunacaq elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edir. Parkın ərazisində ARDNŞ-nin struktur bölmələrinin, eləcə də digər dövlət idarələrinin, o cümlədən Azərbaycanın Təhsil Nazirliyinin ekoloji mərkəzi var. Habelə ARDNŞ parkın ərazisində öz struktur bölmələri üçün şitillər yetişdirmək fikrindədir. Ekoloji Park 9,3 hektar sahədə yaradılıb.

- Necə düşünürsüz, şagridlərin bu parka ekskursiyası nə dərəcədə əhəmiyyətlidir?

- Ümumiyyətlə, bu parkın yaranmasının əsas məqsədi cəmiyyət və ekologiyanın vəhdətini yaratmaqdır. İnsanlar bilsin ki, hər çirkabın içində belə bir gözəllik yaratmaq olar. Bu ərazinin ilkin vəziyyətini görən insanlar, o vaxtlarda burada işləyən neftçilər parkın indiki vəziyyətini gördükdə çox təəccüblənirlər. İnsan əməyi buranı bir cənnətə çevirib.

Şagirdlərin parka ekskursiyasının ardından ağac əkmə mərasimi başlandı. Çox böyük həvəslə fidanları torpağa basdıran balaca fidanlar ağac əkməyi sevdiklərini və bunu öz uşaq evlərinin həyətlərində daima etdiklərini söylədilər: "Biz öz həyətimizdəki ağaclara özümüz baxırıq. Onları suvarırıq, əhəngləyirik, diblərini təmizləyirik".

Şagirdlərə ağac əkməkdə "ELS" Araşdırmalar Mərkəzinin direktotu İradə Yaqubova da yardım etdi: "Uşaqların mənəvi durumunun yönləndiriliməsi biz böyüklərin əlindədir. Onlar bizdən eşidir, görür və öyrənir".
Daha sonra tədbir konfrans zalında davam etdi. Qonaqlar şagirdlərə Beynəlxalq Sülh Günü haqqında danışdılar. Tədbirin sonunda şagridlərə "Ekoloji təbliğat və sosial məsələlər idarəsi" tərəfindən yemək süfrəsi təşkil olundu.
Hədiyyələr verildi.

Könül Yazar

Bütün xəbərlər Facebook səhifəmizdə