Ukrayna azərbaycanlıları arasında siyasətdə olanlar da var

Ukrayna azərbaycanlıları arasında siyasətdə olanlar da var

Ukraynanın daxili siyasətində həmyerlilərimizin də xüsusi rolu var. Onların arasında aparıcı partiya üzvləri olan, yerli şəhər və rayon sovetlərinə deputat seçilənləri də yetərincədir. SİA-n Ukrayna bürosunun verdiyi məlumata görə, müxbirimiz Kiyev vilayətinin Fastov şəhərində olub və yerli deputatlarla görüşüb.

Həmsöhbətimiz Fastov şəhər radasının deputatı Asiman Fərhad oğlu Yarıyevdir. Asiman müəllim uzun müddətdir ki, Fastov şəhərində yaşayır.

Şəhərin 45 min seçicisi olduğunu deyən həmyerlimiz bu yerə gəlib çıxmasını belə izah etdi: "Mən uzun illərdir bu şəhərdə yaşayıb yaradıram. Aparıcı Xalq Partiyasının üzvüyəm. Düzdür xalq arasında yaxşı nüfuzum olduğu üçun namizədliyimi mojaritar qaydada verdim və səs çoxluğu ilə yerli şəhər radasına seçildim.Yaşadığım və işlədiyim müddətdə çalışmışam ki, Azərbaycan və azərbaycanlılar haqqında yaxşı təəssürat yaradım. Mən millətimi təmsil etdiyim üçün burada yaşayan azərbaycanlılarında həmişə qayğısına qalıram. O ki, qaldı seçicilərimə burada onlarla həmişə təmasda olmalısan. Çox həssasdırlar. Bəzən elə liderlər olur ki, xalq arasında az göründüyünə görə, lazım olan səsi toplaya bilmirlər. Mən çalışıram ki, millətimin ziyalı millət olduğunu öz bilik və bacarığımla göstərim. Tez-tez məktəblərdə oluram, bilik yarışlarında qonaq qismində iştirak edirəm və əlbəttə ki, qaliblərə hədiyyələr bağışlayıram. Respublika səviyyəli tədbirlərə də dəvət alıram. Hər yerdə çalışıram azərbaycanlı olduğumu hiss etdirim. Bizim harada olmağımızdan asılı olmayaraq bir böyük vətənimiz var, Azərbaycan. Biz bu ada həmişə xidmət etməliyik. Nə qədər ali orqanlarda çox azərbaycanlı çalışsa, bu bizə və millətimizə yalnız başucalığı gətirər. İşlədiyim müddət ərzində çalışmışam Azərbaycan prezidentinin apardığı uğurlu xarici siyasətinə dəstək olum. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında qismən də olsa rolumuz var. Hər hansı bir rəsmi və yaxud qeyri-rəsmi tədbirlərdə imkan düşən kimi Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini olduğu kimi izah edir bu sahədə müəyyən effektli addımlar atırıq. İstər bayramlar istər də ağrılı günlərimizdə tədbirlər keçiririk və ziyalıları dəvət edərək mənəvi dəstək də alırıq. Harada yaşamağımdan asılı olmayaraq doğulduğum Masallı rayonunu və bütöv Azərbaycanımızı heç bir an unutmamışam, əksinə çalışmışam ki, Vətənə layiqincə xidmət edim".


Əlmaniz ƏLƏKBƏRLİ, Şərqi Avropa ölkələri və Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə