Üzüm Yığımı Festivalı başlayır

Üzüm Yığımı Festivalı başlayır

Oktyabrın 2-i İçəri Şəhərdə, Qoşa Qala Qapısı meydanında, "Caspian Coast Üzüm Yığımı Festivalı" adı altında üzüm yığımı mövsümünə və üzüm məhsullarına həsr olunmuş geniş tədbirə start veriləcək. SİA-nın xəbərinə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Caspian Coast winery & vineyards" şirkətinin təşkilatçılığı ilə baş tutacaq bu festivalın hər il mütəmadi olaraq payız mövsümündə keçirilməsi planlaşdırılır.

Festivalın keçirilməsində məqsəd əsrlər boyu üzümçülüyü ilə şöhrət qazanmış Azərbaycanın bu ənənələrini bir daha canlandırmaq, üzümçülüyü təbliğ etmək və bu sahəyə diqqətin artırılmasına nail olmaqdır.

Sağlamlıq, uzunömürlülük və firavanlıq rəmzi olan üzümün yığımına həsr olunmuş festival ərzində maraqlı müsabiqələrə tamaşa etmək, müxtəlif üzüm sortlarının və üzümdən hazırlanan məhsulların dadına baxmaq mümkün olacaqdır.

Festivalda bir neçə komanda arasında üzüm sıxma, üzüm çəlləklərinin diyirləndirilməsi, gözləri bağlı şəkildə üzümün dadına baxmaqla onun sortunun müəyyən edilməsi və sair maraqlı müsabiqələr keçiriləcəkdir.

Festival zamanı məşhur müğənnilərin iştirakı ilə qala konsert keçiriləcəkdir. Konsertdə ötən illərdə Azərbaycanı "Avroviziya" müsabiqəsində təmsil etmiş Aysel Teymurzadə, Safura Əlizadə və qeyd olunan müsabiqədə öz ifaları ilə yadda qalan 2009 ildə Litvanı təmsil etmiş Saşa Son, 2010 ildə Rumıniyanı təmsil etmiş Paula və Ovi dueti, həmçinin Moldovanı 2005 və 2010 ilərdə təmsil etmiş və özünəməxsus dəsti xətti ilə yadda qalmış Zdub şi Zdub qrupu iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə