Belçikanın şəhər bayramında azərbaycanlılar 2 çadır qurublar

Belçikanın şəhər bayramında azərbaycanlılar 2 çadır qurublar

Belçikanın Ham şəhərində növbəti şəhər bayramı keçirilib. SİA-nın xəbərinə görə, bayramda Azərbaycanı Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil edib. Cəmiyyətin sədri Ayhan Dəmirçi və qurumun əməkdaşları tərəfindən bayramın keçirildiyi meydanda Azərbaycanla bağlı iki çadır qurulub.

Üzərində Azərbaycan bayrağının dalğalandığı çadırların birində ölkənin sosial-iqtisadi inkişafına və mədəniyyətinə, tarixinə, turizm potensialına aid təbliğat materialları sərgilənib, film nümayiş etdirilib. Cəmiyyət tərəfindən flamand dilində hazırlanıb və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilən Azərbaycan adlı broşür bayramın iştirakçılarına paylanılıb. Digər çadırda isə dərnəyin fəalları tərəfindən hazırlanan Azərbaycan milli mətbəxinin nümunələri nümayiş etdirilib və ziyarətçilərə müxtəlif növ dadlı yeməklər təqdim olunub.

Sərgi iştirakçıları Azərbaycan çadırına xüsusi diqqət göstərib, şəhər bələdiyyə idarəsinin rəhbərliyi və regional deputatlar uğurlu fəaliyyətlərinə görə cəmiyyət üzvlərini təbrik ediblər. Cəmiyyətin sədri A.Dəmirçi isə öz növbəsində Azərbaycanın Belçikadakı səfirliyinə sərginin təşkilinə verdiyi dəstəyə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə