Prezident Qubada Daxili Qoşunların “N” saylı hərbi şəhərciyinin açılışında olub - FOTOSESSİYA

Prezident Qubada Daxili Qoşunların “N” saylı hərbi şəhərciyinin açılışında olub - FOTOSESSİYA

Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Daxili Qoşunların "N" saylı hərbi şəhərciyinin açılışında iştirak edib. SİA xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.


Dövlət başçısı hərbi şəhərciyin maketi ilə tanış olub. Bildirilib ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Quba rayonunun Aşağı Atuc kəndi ərazisində inşa olunan Daxili Qoşunların "N" saylı hərbi şəhərciyində yaradılan şərait də bunun əyani nümunəsidir. İnşasına 2010-cu ilin martında başlanan və 20 hektar ərazidə salınan hərbi şəhərcikdə beşmərtəbəli qərargah və əsgər yataqxanaları və 60 mənzilli altımərtəbəli zabit yataqxanası yerləşir.


Şəhərcik ərazisində əsgər yeməkxanası, tibb məntəqəsi, silah-sursat və əmlak anbarları, avtopark, sıra meydançası və tribuna, 10,4 kilovoltluq transformator yarımstansiyası, iki artezian quyusu, hər biri 300 ton tutumu olan iki su anbarı, çirkab su anbarları və gözətçi qüllələri yerləşir. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuşdur. 17 hektar ərazi tam abadlaşdırılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılıb.


Qeyd olunub ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilib. Hərbi şəhərciyi fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək məqsədilə uzunluğu 11,6 kilometr olan "Atuc-1" və "Atuc-2" hava xətləri, 2,5 kilometrlik qaz xətti çəkilib.


Sonra dövlət başçısı hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr vurulub. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə, eyni zamanda, döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar da əks olunub.


Digər mərtəbələrdə yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev əsgər yataqxanasına baxıb. Diqqətə çatdırılıb ki, əsgərlərin geyimləri ayrıca yaradılan əmlak otağında lazımi şəraitdə saxlanılır, silah-sursat üçün xüsusi otaq yaradılıb. Binada əsgərlərin bilik və bacarıqlarının artırılması üçün ictimai-siyasi və mədəni-maarif işləri otağı da fəaliyyət göstərir. Silahlı Qüvvələrin Ali Baş Komandanı Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin şəxsi heyətinin silahlanması, texnika və xüsusi vasitələrin təqdimatı ilə tanış olub.


Prezident İlham Əliyevə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin baş geyimi hədiyyə edilib. Yeməkxanada yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, burada əsgərlərin və zabitlərin normal qidalanmasına ciddi nəzarət edilir. Tibb otağı da bütün lazımi avadanlıqla təmin olunub. Burada fizioterapiya, ambulator qəbul otaqları, əczaxana və diş həkimi kabinetlərində xidmət müasir tələblər səviyyəsində təşkil edilib.


Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.


Bütün xəbərlər Facebook səhifəmizdə