Prezident Qubada soyqırımı məzarlığında abidə kompleksinin tikintisi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Qubaya səfəri çərçivəsində kütləvi soyqırımı məzarlığında abidə kompleksinin və inzibati binanın tikintisi ilə tanış olub. Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Həmin ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrində tədqiqat işləri aparılıb, 20 kvadratmetr ərazi isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb.
Tədqiqat işlərinin nəticəsində məzarlıqda təxminən 400-dən artıq insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə yaşlı kişilərdir. Müəyyən olunub ki, məzarlıqda azərbaycanlılarla bərabər Qubada sıx yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilib.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə kütləvi soyqırımı məzarlığında abidə kompleksi inşa olunur.
Dövlət başçısı 2009-cu ildə Qubaya səfəri zamanı kütləvi məzarlığın yerləşdiyi ərazidə olmuş, tapşırıq və tövsiyələrini verərək həmin ərazidə "Soyqırımı memorial kompleksi"nin yaradılması barədə Sərəncam imzalamışdı. 2010-cu ilin noyabr-dekabr aylarında başlanan tikinti işlərinin 2012-ci ilin avqust-sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulub. İndiyədək kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunub, ərazidə terras yaradılıb. Burada 3 qalereya inşa olunacaq. Hər birinin uzunluğu 18 metr olan piramidaşəkilli iki kompleksdən ibarət Soyqırımı memorial kompleksində qranitdən xüsusi xatirə abidəsi ucaldılacaqdır. Bundan əlavə, kompleksdə inzibati mərkəz də yaradılacaq. Hazırda plana uyğun olaraq binanın yerin altında yerləşən hissəsi tikilir. Bununla yanaşı, monolit dəmir-beton konstruksiyalardan ibarət bünövrə, divar işləri ilə paralel olaraq izolə və əks doldurma işləri yerinə yetirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB