“Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri”

“Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri”

AMEA Dilçilik İnstitutunda "Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən institutun direktoru, akademik Ağamusa Axundov respublikanın müstəqillik qazandıqdan sonra xalqın əldə etdiyi ən böyük nailiyyətlərdən birinin Azərbaycan dilinə dövlət dili statusu verilməsi olduğunu qeyd edib: "Bu isə dilimizin həm nəzəri, həm də praktiki öyrənilməsinə zəmin yaradıb. Son illərdə nitq mədəniyyətinin əsas hissəsi olan terminologiya məsələləri ilə bağlı çoxlu sayda kitablar nəşr edilib. Bu sahənin inkişafı ilə bağlı böyük nailiyyətlərin əldə olunub".

İnstitutun şöbə müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova \"Alınma terminlər və onların mənimsənilməsi prosesi" adlı məruzə ilə çıxış edərək dilimizə başqa dillərdən sözlərin gəlməsi, bu sözlərin leksik sistemdə əks olunması, dildə terminlərin xüsusi çəkisinin artması kimi məsələlərə toxunub. O bildirib ki, ölkəmizin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük inkişaf müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olub. Bu prosesin ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunduğunu qeyd edib.

Tədbirdə institutun əməkdaşı, filologiya elmləri doktoru Sevil Mehdiyeva "Azərbaycan dilinin tarixi onomastikası (XIII-XVIII əsrlər Azərbaycan dili yazılı abidələrində onomastik terminlər və onların üslubi özəllikləri)" mövzusunda, Bakı Dövlət Universitetinin professoru Bayram Əhmədov "Frazeoloji terminlər və frazeologiyanın problemləri" mövzusunda, filologiya elmləri doktoru İsmayıl Məmmədov "Terminologiya haqqında düşüncələr" mövzusunda, filologiya üzrə fəlsəfə doktoru Sitarə Əliyeva "Şifahi nitqin gözəlliyinə nail olaq" mövzusunda çıxış ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə