Ombudsmanın müşaviri beynəlxalq konfransda iştirak edib

Ombudsmanın müşaviri beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Şəbiyeva Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 15-ci illik konfransı və ümumi yığıncağında iştirak edib. SİA-nın xəbərinə görə, "Uşaq müəssisələrində olan uşaq və gənclərin hüquqlarının qorunması" mövzusuna həsr edilən beynəlxalq tədbirə ENOC-a üzv seçilmiş ölkələrin uşaq hüquqları ilə məşğul olan ombudsmanları və nümayəndələri, həmçinin müşahidəçi qismində olan ombudsmanlar qatılıblar.

Ombudsmanın nümayəndəsi təsisatın il ərzində uşaq hüquqları sahəsində gördüyü işlər barədə məlumat verib. O, Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə razılaşma əsasında Bakının üç pilot məktəbində şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirildiyi, cari dərs ilinin ilk günlərindən respublikamızın səkkiz ümumtəhsil məktəbini əhatə etməklə pilləli tədrisin davam etdirildiyini diqqətə çatdırıb.

Beynəlxalq tədbir çərçivəsində həmçinin ENOC tərəfindən həyata keçirilən ENYA (Avropa Gənc Məsləhətçilər Şəbəkəsi) layihəsi iştirakçılarının görüşü də təşkil olunub. Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvü Fərhad Kərimli də bu görüşdə iştirak etmiş, həmyaşıdları ilə fikirlərini bölüşüb.

Tədbirdə iştirakçılar ölkələrində uşaq müəssisələrindəki uşaqların hüquqlarının müdafiəsi sahəsində mövcud çətinliklərlə bağlı fikir və təcrübə mübadiləsi aparıblar. ENOC-un ötən dövrdəki fəaliyyəti nəzərdən keçirilib, növbəti ildə qarşıda duran vəzifələr, ENOC-un Nizamnaməsi, ENYA layihəsinin davam etdirilməsi, yuvenal ədliyyə ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə