Ölkədə işsizlik səviyyəsi 6 faizədək azalıb

Ölkədə işsizlik səviyyəsi 6 faizədək azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü: Azərbaycanda əhalinin sosial müdafiəsinin inkişafı" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masanı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov müstəqil Azərbaycanda ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdışından respublika əhalisinin rifah halının yüksəldilməsi, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, bu istiqamətdə ulu öndər tərəfindən əsası qoyulan tədbirlər prezident İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilir.

Tədbirdə bildirilib ki, son 7 ildə pensiya və müavinətlərin məbləği dəfələrlə artırılıb, yeni iş yerlərinin sayı bir milyonu ötüb, işsizlik səviyyəsi 6 faizədək azalıb, orta əmək haqqı 350 manatı ötüb, yoxsulluq səviyyəsi 9 faizədək enib. Dəyirmi masa iştirakçıları həmçinin qeyd ediblər ki, artıq 5 ildən çoxdur ki, ölkədə ünvanlı dövlət sosial yardımı proqramı icra olunur və hazırda 130 minə yaxın ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ötən müddətdə isə ehtiyac meyarının həddi 30 manatdan 75 manata qaldırılıb ki, bu da 2,5 dəfə artım deməkdir. 1997-2011-ci ilin I rübü ərzində 4 mindən çox ailə mənzillə təmin olunub, 3 minə yaxın minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə